“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi konfrans keçirilib

post-img

Martın 30-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Səbail Rayon İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda Elmi konfrans keçirilib. İlk öncə qonaqlar Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşədə xalqımızın böyük oğlunun xatirəsini bir daha yad etdilər. 

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Yubileylə bağlı Respublikamızda çoxsaylı tədbirlər təşkil olunur.  Direktor bildirdi ki, Ulu öndər müstəqil Azərbaycan dövləti, Azərbaycançılıq var olduqca daima bizim yaddaşımızda qalacaq, onun adı Azərbaycan adı ilə hər zaman qoşa çəkiləcək. Heydər Əliyev harada olursa olsun, həmişə Azərbaycana, azərbaycançılığa, Azərbaycan adına sadiq olub və bununla fəxr edib. Ulu Öndər təpədən dırnağadək Azərbaycanlı, Azərbaycançı olub!

Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və Hümanitar məsələlər üzrə müavini Kəmalə Həşimova ilk öncə konfrans iştirakçılarını salamlayaraq qeyd etdi ki, bu gün bu konfransın Milli Kitabxanada keçirilməsi təsadüfi deyil. Ulu öndər daima kitabxanalara böyük dəyər verib, hakimiyyətdə olduğu müddətdə 4 dəfə Milli Kitabxananı ziyarət edib. K.Həşimova qeyd etdi ki, yanvar ayında etibarən Səbail Rayon İcra Hakimiyyəti silsilə tədbirlər keçirir. Bu tədbirlər gənclərin Heydər Əliyev irsinin öyrənilməsində,onların şəxsiyyət kimi formalaşmasında böyük rol oynayacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxışı zamanı bildirdi ki, Heydər Əliyev fenomen şəxsiyyət kimi həm də, mədəniyyət, iqtisadiyyat və ordu qurucusu olmuşdur. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın kökündə sağlam düşünülmüş mədəni siyasət dayanır. Onun qayğısı, siyasəti ilə yetişən gənclər onun siyasətini davam etdirir. 

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Mili Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında Azərbaycançılıq ideologiyasından bəhs edərək bildirdi ki, Heydər Əliyev Azərbaycançılıq məfkurəsinə daima xüsusi diqqət göstərib. Ulu öndər hər zaman qeyd edib ki, bizim bir dilimiz var – Azərbaycan dili, bir vətənimiz var – Azərbaycan və bir ideologiyamız var – Azərbaycançılıq ideologiyası. Azərbaycançılıq ideologiyasını Heydər Əliyev 70-80-ci illərdən başlayaraq ideadan praktikaya keçirib. Siyasətçinin qüdrəti ondadır ki, o, ideologiyanı həyata keçirsin. H.Cavid Azərbaycançılıq ideologiyasında türkçülüyü, M.Hadi müsəlmançılığı, A.Səhhət və A.Şaiq maarifçiliyi əsas görürdüsə, Heydər Əliyev Azərbaycançılıq ideologiyası ilə göstərdi ki, bu ideologiyanın əsasında həm türkçülük, həm müsəlmançılıq, həm də maarifçilik dayanır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışı zamanı Heydər Əliyev haqqında xatirələrindən bəhs edərək, qeyd etdi ki, bu xatirələri özündə əks etdirən kitab çap olunub. 

Belə tədbirlərin təşkilinin böyük əhəmiyyətə malik olduğunu qeyd edən T.Rzayev həmçinin bildirdi ki, Heydər Əliyev əsl vətənpərvər insan, böyük siyasətçi, rəhbər, ailə başçısı idi. Ulu öndər 1969-cu ildə rəhbərliyə gəldikdən sonra Azərbaycan sürətlə inkişafa nail olub. Kənd təsərrüfatı, heyvandarlıq, taxıl məhsullarının istehsalı sürətlə artıb. Bu gün biz xoşbəxtik ki, Qarabağ artıq azaddır və Ulu öndər Heydər Əliyevin ruhu şaddır.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu çıxış edərək bildirdi ki, hazırladığı dərslikdə bir neçə paraqrafda Heydər Əliyev və Azərbaycançılıq məfkurəsindən bəhs edilir. O, bildirdi ki, biz kitabları oxumaqla Azərbaycançılıq ideologiyasına qovuşmuş oluruq. 

YAP Səbail rayon təşkilatının sədri, Muxtar Nağıyev, publisit-politoloq Reyhan Mirzəzadə öz çixişları zamanı milli-mənəvi dəyərlərin qorunub saxlanmasında Heydər Əliyevin rolundan bəhs edərək, bildirdilər ki, Ulu Öndər yazıçılara,şairlərə, teatra daima diqqət və qayğı göstərib. Onun müdrik addımlarından biri də xalqa rəhbərlik etmək üçün İlham Əliyevi doğma xalqına tövsiyyə etməsi olub. Bu gün Prezident İlham Əliyev onun arzularını müvəffəqiyyətlə həyata keçirir.

Tədbirin sonunda qonaqlar Heydər Əliyev haqqında hazırlanmış video-çarx və  “2023 – HeydərƏliyev ili” adlı geniş kitab sərgisi ilə tanış oldular.

elmi-konfrans-2.JPG

Son xəbərlər