Bakı Enerji Həftəsi dünya energetikasına baxış olacaq

post-img

Mayın 31-də Bakı Enerji Həftəsi öz işinə başlayacaq. İyunun 3-dək davam edəcək həftə çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”), 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”), eləcə də 28-ci Bakı Enerji Forumu keçiriləcək. 

“Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzin­də, Bakı Enerji Forumu isə Bakı Konq­res Mərkəzində baş tutacaq. Bu və ya digər məsələlər barədə Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konf­ransında ətraflı məlumat verildi.

“Iteca Caspian” şirkətinin satış ürə di­rektoru Orxan Əhmədov bildirdi ki, Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət işti­rak edəcək. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsünün ümummilli lider Heydər Əliyev tərəfin­dən irəli sürüldüyünü diqqətə çatdıran O. Əhmədov dedi ki, 1994-cü ildə keçirilən ilk sərgidən etibarən ulu öndər bu mö­təbər beynəlxalq tədbiri dəstəkləyərək onun daimi iştirakçisı olub. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin anadan ol­masının 100 illik yubileyi bütün sərgilərin proqramlarında öz əksini tapacaq. Bakı Enerji Həftəsinin təşkilatçıları və iştirak­çıları Azərbaycanın sərgi sənayesinin formalaşmasında ümummilli liderin rolu­nu heç vaxt unutmur və xatirəsini dərin ehtiramla yad edirlər. Bu məqsədlə Bakı Enerji Həftəsi çərçivəsində Heydər Əli­yevin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb. Eyni za­manda, tədbir çərçivəsində Heydər Əli­yevin 100 illik yubileyinə həsr olunmuş stend nümayiş olunacaq.

Yeri gəlmişkən, ənənəvi olaraq bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirak edəcəyi gözlənilir. Bu barədə məlumat verən “Iteca Caspian” şirkətinin layihə rəhbəri Aynurə Nəzərli qeyd etdi ki, Bakı Enerji Həftəsinin bir çox dünya ölkələrindən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xa­dimlərini və beynəlxalq enerji ekspert­lərini Bakıya toplaması təsadüfi deyil. Belə ki, Azərbaycan paytaxtı artıq uzun müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi, mühüm qərarların və əməkdaş­lıq məsələlərinin müzakirə edildiyi mə­kana çevrilib. Bundan əlavə, Azərbay­canın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublika­mız təkcə özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. 

Bakı Enerji Həftəsinin nüfuzunu və yüksək statusunu onun sponsorlarının genişlənən tərkibinin də təsdiq etdiyini vurğulayan A. Nəzərli bildirdi ki, SO­CAR-ın baş sponsorluğu ilə keçirilən Bakı Enerji Həftəsinin sponsorları AbuD­habi Port, ACWA Power, Ansaldo Ener­gia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Abshe­ron, Intertek, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MAS­DAR, Tekfen, Total Energies, Turkish Petroleum, Uniper, Ural Steel şirkətləri­dir. Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. BMW brendini təmsil edən Improtex Motors şirkəti isə forum­da yeni elektrik avtomobil modelini təq­dim edəcək.

Qeyd olundu ki, “Caspian Oil&Gas” sərgisi artıq uzun illərdir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaş­lıqlar üçün bir platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğurla təş­kil edilən sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxs­ləri öz təbrik məktubları göndərirlər. Eyni zamanda, Bakı Enerji Həftəsində, ənənəvi olaraq, yüksək rütbəli qonaqlar iştirak edirlər. 

“Caspian Oil&Gas” sərgisində Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm mövzulara neft və qaz yataqlarının iş­lənməsi, neft və qazın nəqli və hasilatı, boru kəmərinin təhlükəsizlik sistem­lərinin təmin edilməsi, neft-qaz emalı, enerji sektorunda tikinti-quraşdırma iş­ləri, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi və s. daxildir. 

“Caspian Oil&Gas” ilə eyni günlərdə təşkil ediləcək Xəzər Beynəlxalq Ener­getika və Yaşıl Enerji Sərgisi– “Caspian Power”də beynəlxalq və yerli şirkətlərin energetika və bərpaolunan enerji mən­bələrinin inkişafı və istifadəsi sahəsin­dəki yeniliklər və bununla bağlı təkliflər əks olunacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqa­yırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən tex­nologiyalar və digər mövzular müzakirə olunacaq. 

Bu il təşkil olunacaq Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvan şəhə­rində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək. Belə ki, ulu ön­dər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcək. Bun­dan başqa, dövlət səviyyəsində Nax­çıvanı “yaşıl enerji” zonasına çevirmək planlaşdırılır. Bu baxımdan sessiyalar zamanı Naxçıvana sərmayə qoyuluşu və enerji ixracı məsələləri müzakirə olu­nacaq. 

Enerji həftəsinə Bakı Enerji Foru­mu ilə yekun vurulacaq. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müza­kirə olunacaq. 600-dən çox nümayən­dənin iştirak edəcəyi tədbir zamanı keçid dövründə qlobal enerji təhlükə­sizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və ener­ji balansında rolu və s. daxil olmaqla keçid dövründə yeni enerji şərtləri ilə bağlı müzakirələr aparılacaq. Yeni qlo­bal enerji nizamının inkişaf ssenarilə­rinə həsr olunmuş “dəyirmi masa”da isə qlobal enerji keçidi prosesi, enerji böhranı zamanı enerji keçidinin sürət­ləndirilməsi yolları kimi mövzular mü­zakirə olunacaq. Bundan əlavə, tədbir zamanı Xəzər regionunun bərpaolunan enerji mənbələri və potensialı, onlardan istifadə imkanları, bərpaolunan enerji mənbələrinin infrastrukturunun inkişafı, “yaşıl enerji” sahəsində həyata keçirilən layihələr də diqqət mərkəzində olacaq. 

Qeyd edək ki, Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinin təşkilatçısı Böyük Britaniya­nın “Iteca Caspian”, və “Caspian Event Oraganisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events”, CEM FZ LLC şirkətləridir. Bundan əlavə, Azər­baycan Respublikasının Energetika Na­zirliyi və SOCAR tədbirə rəsmi dəstək göstərəcək.

 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”



İqtisadiyyat