Siyəzəndə güclü külək bəzi tikililərin dam örtüyünü uçurdu

post-img

Martın 6-sı günorta saatlarından başlayan güclü külək Siyəzən rayonunda ciddi fəsadlar törədib.

Külək Siyəzən şəhərinin Həzi Aslanov küçəsində və Sədan kəndində vətəndaşa məxsus yardımçı tikililərin, Ərzigünəş kəndində isə icra nümayəndəliyinin dam örtüyünü uçurub. Dağ Quşçu kəndində də inzibati bina qəzalı vəziyyətə düşüb. Bundan başqa, şəhər ərazisində xeyir-şər evi də küləkdən zərər görüb.

Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, güclü külək rayonun elektrik təsərrüfatına da ziyan vurub. Daşlı Çalgan və Ərziküş kəndlərində işıq dirəkləri aşıb.

Müvafiq icra strukturları tərəfindən dəymiş ziyanın hesablanması və fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Hadisə