G7 Rusiya enerji daşıyıcılarından imtinanı sürətləndirməyə razılaşıb

post-img

G7 ölkələri Rusiya qazından istifadəni azaltmaq niyyətindədirlər. Xirosima sammitindən sonra onlar, yekun kommünikeyə əsasən, Rusiya enerjisindən asılılığın mərhələli şəkildə aradan qaldırılmasını sürətləndirmək barədə razılığa gəliblər.

Ölkələrin liderləri hesab edirlər ki, Ukraynadakı hərbi münaqişənin “enerji təchizatına, qaz qiymətlərinə və inflyasiya”ya təsirini aradan qaldırmaq lazımdır. Eyni zamanda, görüşdə “təmiz enerjiyə keçidin sürətləndirilməsi” zərurəti də qeyd olunub.

“Paris öhdəliklərimizə uyğun olaraq, Rusiya enerji daşıyıcılarından asılılığımızı mərhələli şəkildə aradan qaldırmağı, o cümlədən enerjiyə qənaət və qaza tələbatın azaldılmasını sürətləndirmək lazımdır”, - sənəddə belə yazılıb.

G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçirilir. İlk gün ərzində ölkələrin liderləri Rusiyanın enerji ixracından əldə etdiyi gəlirin azaldılması istiqamətində tədbirləri davam etdirmək barədə razılığa gəliblər. "Financial Times" qəzeti yazıb ki, G7 və Avropa İttifaqı əvvəllər tədarükün azaldığı ərazilərə Rusiya boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir. Xüsusilə İspaniya Rusiyanın LNG-yə embarqo tətbiqini istisna etməyib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya