Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı təşkil olunub

post-img

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də patent müvəkkilliyinə namizədlərin attestasiyasının birinci – test imtahanı mərhələsini keçirib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.

DİM-dən XQ-ə bildirilib ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahanın müddəti 3 saatdır və namizədlərə 100 test tapşırığı təqdim olunub. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir.

İmtahanda qeydiyyatdan keçmiş 40 namizəddən 36 nəfəri iştirak edib. 31 nəfər tələb olunan 50 və daha yuxarı bal toplayaraq növbəti mərhələyə – müsahibəyə buraxılıb. Müsahibə mərhələsi Əqli Mülkiyyət Agentliyində yaradılmış Komissiyası tərəfindən aparılacaq.

Test imtahanı nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 13–15-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.

Təhsil