Bakı Dövlət Universiteti (BDU) nüfuzlu beynəlxalq reytinq qurumlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS Avropa 2026” (QS Europe 2026) reytinqində irəliləyişə nail olub. Universitet ötən illə müqayisədə 58 pillə irəliləyərək, Avropa universitetləri arasında mövqeyini möhkəmləndirib və 278-ci pillədə qərarlaşıb. BDU-nun müvafiq reytinq siyahısında ümumi qiymətləndirmə göstəricisi əvvəlki illə müqayisədə 68% artıb. Belə ki, BDU ötən il reytinq siyahısına daxil olan 685 universitet arasında 336-cı mövqedə yer almışdısa, bu il reytinqə düşə bilən 958 universitet arasında 278-ci pilləyə yüksəlib.
Bu barədə XQ-yə BDU-dan məlumat verilib.
“QS Avropa 2026” reytinq siyahısında BDU akademik nüfuz, məzunların məşğulluq göstəriciləri, beynəlxalq elmi tədqiqat şəbəkəsi və akademik heyətə nisbətdə elmi məqalə sayı indikatorları üzrə Azərbaycan universitetləri arasında ən yaxşı göstəricilərə malikdir. BDU reytinqə daxil edilmiş 958 universitet arasında tələbə–müəllim nisbəti göstəricisi üzrə 64-cü, məşğulluq göstəriciləri üzrə 82-ci, akademik nüfuz üzrə 157-ci və işəgötürən nüfuzu üzrə isə 190-cı mövqedədir. Eyni zamanda, QS tərəfindən açıqlanan “QS Qərbi Asiya 2026” (QS Western Asia 2026) alt kateqoriya reytinqində BDU 15-ci yerdən 13-cü yerə yüksəlib.
“QS Avropa” Avropanın aparıcı ali təhsil müəssisələrini qiymətləndirən beynəlxalq reytinq siyahısıdır. Reytinq tədqiqat keyfiyyəti və məhsuldarlığı, akademik reputasiya, işəgötürənlər arasında nüfuz, beynəlmiləlləşmə göstəriciləri, tədris mühiti və davamlılıq kimi əsas meyarlar üzrə hazırlanır. Bu reytinq siyahısı Avropa universitetlərinin qlobal miqyasda rəqabət qabiliyyətini, akademik və elmi potensialını obyektiv şəkildə müqayisə etməyə imkan yaradır və ali təhsil müəssisələri üçün mühüm göstərici hesab olunur.
Azərbaycan bu reytinq siyahısında ilk dəfə olaraq 15 ali təhsil müəssisəsi ilə təmsil olunur ki, bu da ötən illə müqayisədə reytinqdə yer alan ölkə ali təhsil müəssisələrinin sayında 67 faiz artım deməkdir. BDU “QS Avropa 2026” reytinqində yer alan bütün Azərbaycan ali təhsil müəssisələrini təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar və davamlı nailiyyətlər arzulayır.

