Yanvarın 13-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Fizika fakültəsinin dekanı və STEAM mərkəzinin rəhbəri dosent Arzu Daşdamirov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq, qurucu direktorun müavini Elvin Əliyev, ictimaiyyətlə əlaqələr və mətbuat üzrə müşavir Sahil Tahirli, Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsafa və “EduhEK” şirkətinin direktoru Mehdi Əliquliyev iştirak ediblər.
Görüş zamanı Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov ali pedaqoji təhsilin müasir çağırışlarından, müəllim hazırlığında keyfiyyət meyarlarının gücləndirilməsinin vacibliyindən, universitet-özəl sektor əməkdaşlığının əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, ADPU innovativ tədris modellərinin tətbiqi, STEAM yanaşmalarının pedaqoji hazırlıq prosesinə inteqrasiyası və praktik bacarıqlara əsaslanan kadr hazırlığı istiqamətində ardıcıl islahatlar həyata keçirir. Prof. Cəfər Cəfərov bu baxımdan Hədəf Şirkətlər Qrupu ilə əməkdaşlığın universitet-özəl sektor əlaqələri baxımından mühüm imkanlar yaratdığını vurğulayıb.
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq çıxışında təhsilin bütün pillələri arasında davamlılığın təmin edilməsi və məktəb-universitet-əmək bazarı əlaqələrinin gücləndirilməsinin vacibliyinə toxunaraq, STEAM təhsili, müəllimlərin peşəkar inkişafı, müasir tədris resurslarının hazırlanması və birgə layihələrin icrası istiqamətində ADPU ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirib.
O, uiversitetlə bir neçə ildir davam edən əməkdaşlıq əlaqələrinin bu memorandumla rəsmi səviyyəyə yüksəlməsinin önəmini vurğulayaraq bildirib ki, 26–27 yanvar tarixlərində keçiriləcək “Hədəfdə STEAM 8” beynəlxalq təlim-treninqi də ADPU ilə birgə təşkil olunacaq. Qeyd edilib ki, bu beynəlxalq platforma növbəti dəfə təhsil sahəsində çalışan ekspertləri, müəllimləri və tədqiqatçıları bir araya gətirəcək, yeni elmi yanaşmaların müzakirəsi üçün imkan yaradacaq, eyni zamanda bir sıra xarici ölkələrdən olan təlimçi və ekspertlər tədbirdə iştirak edəcəklər.
Müzakirələr zamanı birgə təlim və seminarların təşkili, gələcək müəllimlərin praktik bacarıqlarının artırılması, metodik vəsaitlərin hazırlanması, STEAM mərkəzləri arasında əməkdaşlığın qurulması, eləcə də təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra ADPU ilə Hədəf Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum pedaqoji kadr hazırlığında keyfiyyətin yüksəldilməsi, müasir tədris yanaşmaları və STEAM modelinin təhsil prosesinə daha sıx inteqrasiyası, birgə təlim və seminarların təşkili, metodik və tədris resurslarının hazırlanması, təcrübə və bilik mübadiləsinin aparılması, eləcə də tələbə və məzunların praktik bacarıqlarının artırılmasına yönəlmiş layihələrin icrası istiqamətində birgə fəaliyyətin həyata keçirilməsini əhatə edir. Eyni zamanda, sənəddə təhsil sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi, elmi-metodik əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli tərəfdaşlığın formalaşdırılması məsələləri öz əksini tapıb.


.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
