Dövlət qulluqçusu olmaq istəyən 1 500-ə yaxın namizəd üçün imtahan keçiriləcək

post-img

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 15-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

DİM-dən XQ-yə verilən məlumata görə, imtahanlar saat 10:00-da və 16:00-da başlanır.

Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara 1 489 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 16 zal admini, 97 nəzarətçi və 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Təhsil