Sofiya Universitetində “Azərbaycanın mədəni irsinin təqdimatı” olacaq

post-img

Bolqarıstanın “Akord” jurnalının baş redaktoru və “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mariya Hüseynova-Atanasova Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Kiril Valçev ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetində keçiriləcək “Azərbaycanın mədəni irsinin təqdimatı” adlı tədbir haqqında məlumat verilib.

Mariya Hüseynova-Atanasova "Akord" jurnalının artıq 20 ildir fəaliyyət göstərdiyini diqqətə çatdırıb və nəşrin Azərbaycanın mədəni irsinə həsr olunan xüsusi buraxılışını Kiril Valçevə hədiyyə edib. “Mənim üçün Bolqarıstan həmişə ikinci vətən olub. Sofiya ilə hər görüşüm xatirələr və ümidlərlə doludur. İnanıram ki, xalqlarımız arasında mədəni körpülər bundan sonra da sevgi və hörmət üzərində qurulacaq”, – deyə Mariya Hüseynova-Atanasova fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Birliyin “Akord” jurnalının fəaliyyətinə komitə tərəfindən dəstək göstərilib.

Mustafa Kamal
XQ

Təhsil