Aprelin 4-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitet kollektivinin nümayəndələri Zaqatala rayonuna səfər edib, burada “ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda 2-ci regional konfransda iştirak ediblər. Ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Zaqatala rayon icra başçısı Mübariz Əhmədzadə ADU qonaqları salamlayıb, konfransın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ADU və regionun təhsil qurumları arasında elmi, mədəni əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur.
Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla deyib ki, ADU hər zaman öz məzunlarını diqqətdə saxlayır. Bu məqsədlə regionlarda əmək fəaliyyəti ilə məşğul olan məzunlarla mütəmadi əlaqə saxlanılır, ADU-nun peşəkar professor-müəllim heyəti tərəfindən təlim və seminarlar təşkil olunur.
Zaqatala rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlərə baxılıb.
Konfransın açılış mərasimində çıxış edən Zaqatala RİH başçısı Mübariz Əhmədzadə bildirib ki, ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində keçirilən görüşlər, təşkil olunan seminar və təlimlər mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanın təhsili istiqamətində görülən mühüm işlər haqqında danışıb, ulu öndər Heydər Əliyevin təhsil siyasətinin əhəmiyyəti diqqətə çatdırılıb, Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısı vurğulanıb.
ADU-nun rektoru məzunlarla işin düzgün qurulmasının, onların diqqətdə saxlanılmasının vacibliyindən danışıb: “Məzunlarla görüşmək bizim üçün sevindirici haldır. Biz hesab edirik ki, məzunlarla görüş onların peşə vərdişlərinə və peşəkarlıq səviyyəsinə öz müsbət təsirini göstərir. Bizi düşündürən məsələlər əsasən məzunlarımızın pedaqoji fəaliyyətini dəstəkləmək, onları yeni tədris metodları ilə qarşılıqlı şəkildə tanış etməkdir. Keçiriləcək seminarlar, təlimlər, görüşlər gələcək elmi əməkdaşlıq üçün də əlverişli imkanların yaradılması deməkdir. Ulu öndər Heydər Əliyev tələbələrlə görüşündə üzünü bizə tutub demişdir: Bu tələbələr mənim sizə əmanətimdir. Bu fikir bizim təhsil strategiyamızın əsas ideyasına çevrilib”.
ADU-da tədris olunan xarici dillər haqqında məlumat verilib. QS reytinqlər cədvəlində ADU-nun uğurları barədə danışılıb. Qeyd olunub ki, ADU son illər beynəlxalq əlaqələrin qurulmasında da fəallığı ilə seçilir. Bu da təhsilin keyfiyyətinə və tədrisin müasir metodlarla aparılmasına mühüm təsir göstərir.
Milli qəhrəman Mübariz İbrahimov adına Biləsuvar rayon bağça-lisey kompleksinin direktoru Aqşin Bağırov konfransın önəmindən söz açıb. Liseyin fəaliyyəti haqqında məlumat verib, ADU-nun regional konfransının ilk dəfə olaraq Biləsuvarda keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, ADU regional konfranslar keçirməklə, öz məzunlarını diqqətdə saxlamaqla təhsildə yeniliyə imza atmış olur.
Universitetin Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə bildirib ki, əməkdaşlıq prinsipi olduqca vacib elementlərdəndir. Təhsil prinsipləri haqqında məlumat verən dekan regional konfransların keçirilməsinin gələcək elmi nailiyyətlərin əldə olunması üçün zəruri olduğunu vurğulayıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova idarənin fəaliyyəti haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb. Şagirdlərin təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması istiqamətində dövlət siyasətinə uyğun işlərin aparılması diqqətə çatdırıb. ADU-nun regional konfransının altı rayonu əhatə etməsi və bununla da, xarici dilləri tədris edən müəllimlərin pedaqoji fəaliyyətinə dəstəyin önəmdən bəhs olunub.
Anar ƏLİ,
XQ