Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti (TEU) arasında əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. ATMU tələbələri Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramı vasitəsilə 2008-ci ildən bugünədək Almaniyanın adıkeçən universitetində turizmə dair təhsil əlçatanlığı ilə bərabər,nəzərdə tutulan təcrübə mərhələsində peşəkar vərdişlərə yiyələnmək imkanı qazanırlar.
Hazırda ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin 3-cü kurs tələbələri Cavad Abbaszadə və Elay Hüseynova DAAD proqramı çərçivəsində təhsillərini Yade Tətbiqi Elmlər Universitetində (TEU) davam etdirirlər. 2024-cü ilin payız semestrində adıkeçən ali təhsil müəssisəsində təhsil almaq şansı qazanan gələcəyin turizmçiləri akademik sahədə inkişafetmə tələbi ilə bərabər, fərqli ölkələrin tələbə-gənclərilə mədəni və sosial sahədə əlaqəqurma fürsətindən də faydalanacaqlar.
Qeyd etmək lazımdır ki, beynəlxalq əməkdaşlıq müstəvisində əldə edilən uğur və təcrübədə qazanılan peşəkarlıq vərdişi ATMU tələbələrinin karyeraqurma pilləsində irəliləmələrinə möhkəm zəmin yaradır.
Z.HÜSEYNOVA
XQ