ATMU-da Anım Günü qeyd olunub

post-img

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Turizm və Menecment Universitetində də Anım Günü qeyd olunub.

Vətən müharibəsi şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra ATMU-nun rektoru İlham Mədətov erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il 27 sentyabrda Vətən müharibəsinin başlandığını diqqətə çatdırdı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirdiyini xüsusi vurğuladı. Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirə bilməyən məkrli düşmənin təxribatlara əl atdığını, günahsız mülki insanları belə hədəf aldığını xatırlatdı.

Rektor Prezident İlham Əliyevin cəsarətli xarici və daxili siyasəti, rəşadətli əsgər və zabitlərimizin, şəhid və qazilərimizin qəhrəmanlıqları, təmannasız vətən sevgisi sayəsində işğal altında qalan doğma yurdlarımızın azad olundunu dedi. O, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramını bildirdi. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi.

Sonra ATMU-nun məzunu olmuş Vətən müharibəsi şəhidi Məhəmmədəli Hörmət oğlu Həsənzadənin ruhuna ehtiram əlaməti olaraq hazırlanmış video-çarx tədbir iştirakçılarının diqqətinə çatdırıldı. 

ATMU-nun Biznes idarəçiliyi fakültəsinin “İqtisadiyyat” kafedrasının müəllimi, şəhid Məhəmmədəli Həsənzadənin müəllimi olmuş Vüsal Həsənov yeni nəsil gənclərimizin 30 illik vətən həsrətinə 44 gün ərzində son qoyduğunu diqqətə çatdırdı və qeyd etdi ki, heç bir müharibə itkisiz deyildir, lakin həmin şəhidlərimiz sayəsində Azərbaycan xalqı qələbə sevincini yaşadı. Və o şəhidlərdən birinin də dərs dediyi Məhəmmədəli Həsənzadə olduğunu vurğuladı. V.Həsənov şəhid tələbəsi ilə bağlı xatirələrini bölüşdü, onunla qürur duyduğunu bildirdi. 

Qeyd edək ki, Məhəmmədəli Həsənzadə 2020-ci il noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ümumiyyətlə isə ATMU-nun 60 nəfərdən artıq tələbə və məzunu döyüş əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycan Respublikasının medalları ilə təltif edilib. 

Tədbirin sonunda iştirakçılar öz canı-qanı ilə şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim minnətdarlıqla yad edəcəklərini bildirdilər.

XQ





Təhsil