2024-2025-ci tədris ilinin başlanması Göygöl rayonunda keçirilən yaddaqalan tədbirlərlə əlamətdar olub.
Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev, aparatın məsul əməkdaşları məktəblərə gedərək, “Bilik Günü” münasibəti ilə müəllim və şagird kollektivlərini təbrik edib, təhsilə göstərilən yüksək dövlət qayğısından, bu sahədə həyata keçirilən islahatlardan və qazanılan uğurlardan danışıblar.
Qeyd edək ki, bu il Göygöl rayonu üzrə 1-ci siniflərə 811, məktəbəhazırlıq qruplarına isə 632 uşaq qəbul olunub və ümumi şagird sayı 10 min 636 nəfər təşkil edir. Göygöl Peşə məktəbində isə 20 qrupda 336 nəfər tələbə təhsilə və təlimə cəlb olunub.
***
Şəmkir rayonunun ümumtəhsil müəssisələrində yeni tədris ili ilk zəngin həyəcanlı sədaları ilə başlanıb. Mərasimlərdə rayon rəsmiləri, ziyalılar, valideynlər iştirak ediblər.
Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkəmizdə, o cümlədən Şəmkir rayonunda müasir tələblərə tam cavab verən yeni təhsil müəssisələri yaradılır, tədrisin keyfiyyəti ilbəil yaxşılaşır.
Mərasimlərdə ibtidai sinif şagirdlərinin ifasında musiqilər, səhnəciklər təqdim olunub.
***
“15 sentyabr Bilik Günü” münasibətilə Samux rayonunun ümumtəhsil məktəblərində də mərasimlər yüksək əhval-ruhiyyədə keçib.
Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev Samux şəhər 1 və 2 saylı tam orta məktəblərdə olub, yeni təhsil ilində məktəblilərə və müəllimlərə uğurlar arzulayıb. Digər məktəblərdə müəllim və şagirdlərin sevincinə şərik olan rayon rəsmiləri, ziyalılar yeni tədris ilinin başlanması münasibətilə onları təbrik edib, rayonda təhsilə göstərilən yüksək dövlət qayğısından və bu sahədə həyata keçirilən islahatlardan danışıb və inam ifadə ediblər ki, yeni “bilik marafonu” da uğurlu olacaq.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri