Azərbaycan Respublikasının Nepala yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin Prezidenti Ramçandra Paudelə təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nepaldakı Səfirliyi məlumat yayıb.
Rəsmi təqdimetmə mərasimindən sonra səfiri qəbul edən Prezident Paudel təyinatı münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda uğurla həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib. Hər iki ölkənin sülhpərvərlik və bitərəflik ideyalarına sadiq olduğunu, bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinə Nepalın dəstək göstərdiyi qeyd edilib. O, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirib.
Səfir E.Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Ramçandra Paudelə çatdırıb. Minnətdarlığını bildirən Nepalın dövlət başçısı öz növbəsində onun səmimi salamlarını həmkarına çatdırmağı xahiş edib.
Səfir gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək Azərbaycan və Nepal arasında ikitərəfli müstəvidə son illərdə irəliləyişlərin baş verdiyini bildirib, bir çox sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan tam şəkildə istifadə olunacağına ümid ifadə edib.
Səfir Azərbaycanın həm ikitərəfli əsasda, həm də 2019-2023-cü illərdə sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində Nepal və digər az inkişaf etmiş ölkələrə yardımlar göstərdiyini, onların üzləşdiyi təhdidləri önə çəkərək cavab tədbirləri üzrə konkret addımlar atdığını qeyd edib. O, bu yanaşmanın COP29-un ev sahibi kimi ölkəmiz tərəfindən davam etdirildiyini vurğulayıb.
Bu kontekstdə, səfir Nepal Prezidentinin Azərbaycan Respublikasının Prezidentinin dəvəti əsasında COP29 çərçivəsində İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Bakıya səfər edəcəyinə, ölkəsinin Azərbaycanın iqlim dəyişikliyi üzrə fəaliyyət və təşəbbüslərini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.
Cavab olaraq Prezident Paudel COP29-un ev sahibi kimi Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirərək, Nepalın İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində təmsil olunacağını diqqətə çatdırıb.