Lənkəran Dövlət Universitetində (LDU) yeni – 2024-2025-ci dərs ilinin başlanması münasibətilə bütün tədris korpuslarında tədbirlər keçirilib.
Universitetin 2 saylı tədris korpusunda keçirilən tədbiri LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq ali təhsil ocağının professor-müəllim kollektivini və tələbə heyətini, eləcə də valideynləri Bilk Günü və yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. Rektor birinci kurs tələbələrinə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, universitetdə lazımi qayğı ilə əhatə olunacaqlarını deyib.
Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov son illər LDU-da aparılan çox istiqamətli işlərdən söz açarkən yeni fakültənin, ixtisasların açılmasını, yeni tədris korpuslarının, tələbə yataqxanalarının inşasını, modern tədris laboratoriyalarının quraşdırılmasını, xarici universitetlərlə beynəlxalq əlaqələrin genişləndirilməsini, ixtisaslaşmış elmi kadrların hazırlanmasını universitetin inkişafında mühüm istiqamət kimi dəyərləndirib. Rektor, həmçinin oğlanlar üçün 250 yerlik, qızlar üçün 160 yerlik tələbə yataqxanalarında hər cür şəraitin yaradıldığını valideyn və tələbələrin diqqətinə çatdıraraq bütün tələbə və müəllimlərə yeni tədris ilində uğurlar arzulayıb.
Sonra professor Natiq İbrahimov LDU-ya yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşərək onların arzu və təkliflərini dinləyib, auditoriyalara baş çəkib.