ADU-da təntənəli “Məzun günü”

post-img

Azərbaycan Dillər Universitetində (ADU) ənənəvi olaraq hər il keçirilən “Məzun günü” bu il iyun ayının 25-də böyük coşqu və sevinclə qeyd olundu. Təntənəli tədbirdə 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlarla yanaşı,  millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak etdilər.
“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, daha sonra “Gaudeamus” tələbə himni səsləndirildi.

Təntənəli mərasimdə universitetin rektoru, akademik Kamal Abdulla məzunları təbrik edərək onların qazandıqları bilik və bacarıqlarla ölkəmizin gələcəyinə mühüm töhfə verəcəklərinə əmin olduğunu bildirdi. Ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışan rektor universitetin son illər əldə etdiyi nailiyyətlərdən, genişlənən beynəlxalq əlaqələrindən və yeni təhsil proqramlarından bəhs etdi. ADU-nun “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olduğunu qeyd edən rektor bu uğurların əldə olunmasında bütün ADU əməkdaşlarının əməyi olduğunu vurğuladı.

“Məzun günü”ndə iştirak edən millət vəkillərinə təşəkkürünü bildirən Kamal Abdulla onların bu təhsil bayramını ADU ilə birlikdə keçirmələrinin universitet üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. Akademik Kamal Abdulla ADU-nun qapılarının həmişə öz məzunlarının üzünə açıq olduğunu və bu ənənənin davam edəcəyini bildirdi: “Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetin adını həmişə ləyaqətlə ucaldacaqsınız”.

“Məzun günü” tədbirinin əlamətdar anlarından biri də millət vəkillərinin çıxışları oldu. Deputatlar ADU-nun qazandığı uğurlardan, bu ali təhsil ocağının genişlənən beynəlxalq əlaqələrindən, uğurlarından danışdılar.

Millət vəkili Sadiq Qurbanov tələbələri bu mühüm gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, məzunların qazandıqları bilik və bacarıqların yalnız onların şəxsi karyerasında deyil, həm də cəmiyyətin rifahında mühüm rol oynayacağını vurğuladı: “Əziz məzunlar, bu gün sizin üçün xüsusi bir gündür. Sizlər Azərbaycanın gələcəyisiniz və inanıram ki, əldə etdiyiniz biliklərlə ölkəmizi daha da yüksəklərə qaldıracaqsınız”.

Millət vəkili Arzu Nağıyev isə çıxışında Azərbaycanın təhsil sisteminin sürətlə inkişaf etdiyini və bu inkişafın əsas təməl daşlarından birinin də ADU olduğunu bildirdi. O, məzunlara dövlətin onlara olan etimadını doğruldacaqlarına inandığını və hər zaman onlara dəstək olacağını qeyd etdi.

Azərbaycan Dillər Universitetinin məzunu, millət vəkili Sevinc Fətəliyeva məzunlara ölkəmizin gələcəyi üçün üzərlərinə düşən böyük məsuliyyətdən bəhs etdi. O, tələbələri öz bilik və bacarıqlarını daim artırmağa və Vətənə layiqli vətəndaşlar olmağa çağırdı: “Sizlər Azərbaycanın parlaq gələcəyisiniz və sizin uğurlarınız bizim uğurlarımızdır. Öz biliklərinizi daim artırın, yeniliklərə açıq olun və ölkəmizin inkişafına töhfə vermək üçün hər zaman çalışın. Sizə bu yolda uğurlar arzulayıram”.

Tədbirdə çıxış edən millət vəkili Etibar Əliyev təhsilin vacibliyindən və ADU-nun məzunlarının ölkəmizin inkişafında oynadığı mühüm roldan danışdı. O, məzunları təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar dilədi: “Azərbaycan Dillər Universitetinin dəyərli məzunları, sizləri bu əlamətdar gün münasibətilə təbrik edirəm. Təhsil sizin həyatınızda açar rolunu oynayır və inanırıq ki, sizlər bu biliklərlə ölkəmizə böyük töhfələr verəcəksiniz”.

Çıxış edən millət vəkili İltizam Yusifov gənclərin ölkənin gələcəyindəki rolunu vurğuladı və məzunları gələcəkdə də fəal olmağa və cəmiyyətə faydalı işlər görməyə çağırdı: “Əziz məzunlar, sizin bugünkü uğurunuz bizim üçün böyük fəxrdir. Sizlər Azərbaycanın gələcəyini formalaşdıracaq gənclərsiniz və bu yolda hər zaman irəliyə baxmalısınız. Öz bilik və bacarıqlarınızla cəmiyyətə faydalı olun və daim çalışın. Sizə gələcək həyatınızda uğurlar diləyirəm”.

Tədbirin ən həyəcanlı anlarından biri məzunların təltifetmə mərasimi oldu. Universiteti yüksək akademik göstəricilərlə bitirən tələbələrə universitet rəhbərliyi və millət vəkilləri tərəfindən Fəxri fərmanlar təqdim olundu. 

Azərbaycan Dillər Universitetinin “Fəxri məzun” adına layiq görülmüş Filologiya fakültəsinin tələbəsi Fikrət Ağayev məzunlar adından çıxış edərək, universitetin onlara verdiyi geniş imkanlar və dəstək üçün bütün müəllim heyətinə minnətdarlığını bildirdi. O, həmçinin, tələbəlik illərinin gözəl xatirələrindən danışaraq gələcək karyera planlarından bəhs etdi. Digər məzunlar da səhnəyə çıxaraq öz təşəkkürlərini bildirdilər və tələbə yoldaşlarına uğurlar arzuladılar.

“Məzun günü” rəngarəng konsert proqramı ilə davam etdi. Universitetin bədii özfəaliyyət kollektivi - “Dalğa” rəqs ansamblının ifasında hazırlanan “Şənlik” suitası, Sofia Qarayevanın ifa etdiyi Çin milli operasından ariya, Xədicə Məmmədovanın “Hind” rəqsi, Nərgiz Rzayevanın ifa etdiyi “Fikter” Koreya mahnısı və s. musiqi nömrələri tədbirə əlavə şənlik qataraq, iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Daha sonra universitetin tələbələrindən ibarət musiqi qrupları da çıxış edərək müasir musiqi nömrələri ilə tədbirə xüsusi rəng qatdılar.

...Beləliklə, Azərbaycan Dillər Universitetində keçirilən “Məzun günü” hər bir məzun üçün ömür boyu xatırlanacaq bir gün olaraq yadda qaldı. Bu gün, onların həyatında yeni bir mərhələnin başlanğıcı oldu və gələcəkdə əldə edəcəkləri uğurların ilk addımı kimi yaddaşlarına həkk olundu. 

Tədbir boyunca səslənən çıxışlar, təqdim olunan diplomlar və təşkil olunan əyləncəli proqramlar məzunların həyatında unudulmaz iz buraxdı. Bu möhtəşəm gün, məzunların gələcəyə atdıqları ilk addım oldu və onların öz bilik və bacarıqları ilə həm Azərbaycana, həm də dünyaya faydalı olacaqlarına inamı artırdı.

...Əziz məzunlar, bu mühüm mərhələni uğurla başa vurduğunuz üçün sizi bir daha təbrik edir, gələcək həyatınızda və karyeranızda böyük nailiyyətlər əldə etməyinizi arzu edirik. Harada olursunuzsa olun, ADU-nun bir parçası olaraq, universitetinizi və Vətənimizi layiqincə təmsil edəcəyinizə inanırıq.

ADU-nun məzunları, sizin uğurlarınız universitetimizin uğurlarıdır. Gələcəyiniz parlaq və yolunuz açıq olsun! 

Sadiq Zaman,
filologiya üzrə fəlsəfə doktoru



































Təhsil