Şəkidə informatika və coğrafiya fənləri üzrə əlavə imtahanlar 4 mərkəzdə aparılıb

post-img

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 9-da Şəki şəhərində keçirdiyi I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahanlar başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 4 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 8, 12 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 1028 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 100 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 83 zal ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 1 saat davam edib.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində informatika və coğrafiya fənləri üzrə əlavə imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Təhsil