ATMU-nun dosenti beynəlxalq elmi konfransda

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Menecment kafedrasının dosentləri Arzu Hüseyn və Yasəmən Abasova Serbiyada beynəlxalq elmi konfransda iştirak ediblər. Onların "Ekoloji Sahibkarlıq: Azərbaycanda Ekoturizmin Davamlı İnkişafına dair Empirik Tədqiqatlar"  adlı müştərək tədqiqat işinə Belqrad şəhərində keçirilən XII “İqtisadiyyatda yeni paraqdimalar: əlaqə, innovasiyalar və dayanıqlıq” adlı elmi konfransda A.Hüseyn aydınlıq gətirib.

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı və aktuallıq müstəvisində gündəm mövzusu sayılan COP 29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinə münasibət sərgiləyən  A.Hüseyn müzakirələrin gedişində Azərbaycanın işğaldan azad edilən ərazilərinin böyük ekoturizm potensialına malik olduğunu deyib. 

Azərbaycanda ekoturizm sahəsinə marağın artmasını real faktlarla isbatlayan natiqin  ekoturizm potensialından bəhs edən təqdimat-çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Elmi konfransa təqdim edilən  araşdırma nəticələrinin Scopus elmi bazasında indekslənən jurnallarda nəşr olunacağı iştirakçıların diqqətinə çatdırılıb. 

XII “İqtisadiyyatda yeni paraqdimalar: əlaqə, innovasiyalar və dayanıqlıq” adlı beynəlxalq elmi konfransda ABŞ, Azərbaycan, Qazaxıstan, İspaniya, Serbiya, Xorvatiya, Bolqarıstan, Ukrayna, Bosniya və Hesoqovina, Polşa, Rumıniya, Şimali Kipr Türk Cumhuriyyəti və digər ölkələrin alimləri yaxından iştirak ediblər.

Zərifə HÜSEYNOVA
XQ



Təhsil