Quş və sahibsiz küçə heyvanları üçün yuvalar qurdular…

post-img

Ölkə  Prezidentinin müvafiq Sərəncamına əsasən, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar bütün bölgələrdə olduğu kimi, Gəncə şəhərində də silsilə tədbirlər keçirilir.          

“Uşaq Səfirlər Məclisi”nin Gəncə şəhəri üzrə region nümayəndələri və onlara dəstək üçün seçilən 21 fəal şagirdin də “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş aksiya keçirməsi belə tədbirlərdəndir.

Gəncə şəhər Heydər Əliyev Park-Xiyaban Kompleksində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin,  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri və park-xiyaban kompleksinin əməkdaşları iştirak ediblər.

Şagirdlərə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Daha sonra  şagirdlər tərəfindən hazırlanmış 43 quş  və 5 sahibsiz küçə heyvanları üçün nəzərdə tutulan yuvalar Gəncə şəhər Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisinə yerləşdirilib.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Gəncə

















Sosial həyat