Universitetlər arasında əməkdaşlıq sazişi imzalanıb

post-img

Azərbaycan Tibb Universitetinin Özbəkistanın Səmərqənd Tibb Universiteti ilə əlaqələri növbəti mərhələyə qədəm qoyub. Bu gün iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair memorandumu imzalanıb.

İmzalanma mərasimində ATU-nun rektoru, professor Gəray Gəraybəyli iki ali məktəb arasında münasibətlərin çoxillik tarixə əsaslandığını bildirib. O, indiyədək universitetlər arasında qarşılıqlı səfərlər, birgə layihələrin olduğunu, ötən il ATU-nun tələbələrinin IV Beynəlxalq “Səmərqənd-2020” Olimpiadasında uğur qazandığını xatırladıb. Rektor sazişin imzalanmasından sonra əməkdaşlıq əlaqələrinin daha da güclənəcəyini, iki universitetin müştərək beynəlxalq proqramlarda iştirakının təmin olunacağını qeyd edib.

Səmərqənd Tibb Universitetinin rektoru, professor Jasur Rizayev  yeni imzalanmış memorandumun iki universitet arasında hərtərəfli əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb. O, qarşılıqlı əməkdaşlığın tələbə və müəllim mübadiləsi ilə yanaşı, mövcud təcrübənin paylaşılması, ikili idiplomların reallaşmasına da aid olacağını bildirib.

Universitetlər arasında  memorandum elmi mübadilə ilə yanaşı, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, Səmərqənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti  Azərbaycan Tibb Universitetinin fəaliyyəti ilə tanış olmaq məqsədi ilə Bakıda bir neçə günlük səfərdədir. Bu müddət ərzində qonaqlar ATU-nun Stomatoloji Klinikasında, İnsan anatomiyası və tibbi terminologiya, Patoloji fiziologiya, Patoloji anatomiya və Ağız və üz-çənə cərrahiyyəsi kafedralarında tanışlıq xarakterli görüşlər keçirib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Eyni zamanda Anatomiya Muzeyində saxlanılan unikal eksponatlarla tanış olublar. Bakıya səfər çərçivəsində qonaqlar həmçinin ATU-da keçirilən konsert proqramında da iştirak ediblər.

Zərifə HÜSEYNOVA
XQ



Təhsil