Dövlət İmtahan Mərkəzi tərəfindən 12 may 2024-cü il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-dən “XQ”-yə verilən məlumatda bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 15 aprel saat 13:00-dan 8 may saat 11:00-dək aparılacaq.
İmtahan kompüterlər vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Rizvan FİKRƏTOĞLU
XQ