Təqaüdlər ilk sahiblərinə - Texnologiya Universiterinin 4 tələbəsinə verildi
Azəralüminium” və “ATS Food” tərəfindən Azərbaycan Texnologiya Universiteti tələbələri üçün təsis edilən təqaüdlər ilk sahiblərinə təqdim edilib.
Bununla bağlı baş tutan görüşdə rektor v.m.i.e. dosent Yaşar Ömərov təqaüdə layiq görülən tələbələri təbrik edib və bildirib ki, bu nailiyyət ikiqat məsuliyyətdir. Buna görə də onlar etimadı doğrultmalı və müvəffəqiyyət göstəricilərini daha da yüksəltməlidirlər.
Görüşdə ən yüksək akademik göstəricilərə malik olan tələbələrə təqaüdü “Azəralüminium” Gəncə istehsalat kompleksinin direktoru Cəmil Səfərov və “ATS Food” MMC-nin Şəmkir filialının direktoru Rasim Səfərov təqdim edib.
Təqaüdü qazananlar Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin informasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Zibeydə Adişirinova, kompyuter mühəndisliyi ixtisasının IV kurs tələbəsi Ləman Mamedova Qida mühəndisliyi fakültəsinin şərabçılıq ixtisasının IV kurs tələbələri Sürəyya Məhərrəmova və Dürdanə Dadaşovadır.
Onların arasında ən yüksək göstəriciyə malik Zibeydə artıq üçüncü ildir ki, ÜOMG üzrə fakültə birinciliyini qoruyur. Ləman isə ÜOMG göstəriciləri ilə bu semestr daha bir – Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” in tələbə qızlar təqaüdünü qazanıb.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə