Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avstriya–Azərbaycan Turizm Proqramı (AATP) çərçivəsində əcnəbi müəllim, professor-müəllim heyəti tərəfindən 2023/2024-cü tədris ilinin yaz semestr dərslərinə start verilib.
Universitetdə “Event Management” (tədbirlərin idarəedilməsi) fənnin tədrisi həftəsində Dr. Rob Davidsonun təşəbbüsü ilə Bakı Konqres Mərkəzinə nəzərdə tutulan tanışlıq səfəri çərçivəsində tələbələr mərkəzin zalları, tədbirlərin təşkili, həmçinin karyera imkanları barədə ətraflı məlumat əldə ediblər.
Tədris həftəsində ATMU-da qonaq olan Bakı Konqres Mərkəzinin marketinq üzrə mütəxəssisi Jalə Salmanzadə AATP-da təhsil alan tələbələrin hazırlıq səviyyəsi ilə tanış olub, mülahizə və çıxışlarını dinləyib. Görüş əsnasında müvafiq ixtisasla bağlı uğur hekayəsindən bəhs edib.
Qeyd edək ki, Avstriya–Azərbaycan Turizm Proqramında (AATP) dərslər həm əcnəbi, həm də yerli professor-müəllim heyəti tərəfindən aparılır. 17 ildir uğurla davam edən AATP çərçivəsində indiyədək 279 nəfər bakalavr və 13 nəfər magistratura səviyyəsi üzrə ümumilikdə 292 nəfər ATMU tələbəsi iki diplom – ATMU və IMC Krems TEU-nun diplomlarını alıblar. Azərbaycan Turizm və Menecment Universitetinin tələbə - məzunları Azərbaycanın, o cümlədən bir sıra xarici olkələrin turizm sənayesində peşəkar kadr adı qazanıblar.
Z.HÜSEYNOVA
XQ