Bakı şəhər məktəblilərinin müəllifliyi ilə növbəti kitab təqdim edilib

post-img

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz məqalələri ilə çıxışlar ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Dünən artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən  qalib elan edilən mövzulardan ibarət “Heydər Əliyev və Azərbaycan tarixi” adlı növbəti kitab işıq üzü görüb.

Məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti verib. 

BŞİH-nin məsul şəxslərinin, qalib seçilmiş məktəblilərin, onların elmi rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən   təqdimat mərasimində əvvəlcə Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BŞİH Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri  Elmin İmanov bildirdi ki, hər dəfə Azərbaycan tarixini araşdırarkən dahi Heydər Əliyev və Prezident İlham Əliyevin fenomenini daha yaxından başa düşürsən. Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çoxdur, lakin Heydər Əliyevin tariximizdəki yeri misilsizdir.

Yasamal rayonu, 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova, Sabunçu rayonu, 112 nömrəli tam orta məktəbin tarix müəllimi Şahnaz Quliyeva, Səbail rayonu, 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nəzrin Hüseynli və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildiribər. Qeyd olunub ki, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi tədbirdə paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək yeni kitaba daxil edilib.

Bu tədbirin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.

XQ







Təhsil