Müəllimlərin sentyabr konfransı

post-img

Sentyabrın 11-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 2022-2023-cü tədris ilində idarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.

İdarə müdiri növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələr barədə məlumat verib. Bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin və keyfiyyətin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.

M.Vəliyeva, həmçinin ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi işinin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması və digər vacib istiqamətlərin də növbəti dərs ili üçün əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. Nazir ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna müsbət təsirlərindən danışıb, təhsilin inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu söyləyib.

E.Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.

Daha sonra təhsilverənlərin sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən Bakı şəhəri 204 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Rüstəmova, paytaxtdakı 247 nömrəli tam orta məktəbin XI sinif şagirdi, olimpiada qalibi Xədicə Hüseynli çıxış edərək öz uğur hekayələrindən danışıb, qarşıya qoyduqları məqsədlərdən söz açıblar.

Konfrans çərçivəsində nümunəvi fəaliyyətləri ilə seçilən təhsil müəssisələri və bir qrup təhsil işçisi təltif olunub. Həmçinin bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan, Ümummilli Liderin 100 illiyinə həsr olunmuş Azərbaycan müəllimlərinin növbəti-XVI qurultayı üçün paytaxtın təhsil müəssisələrindən seçilmiş nümayəndələr təqdim olunub.

Konfransda şagirdlər vətənpərvərlik mövzusunda bədii proqramla çıxış ediblər.

XQ

 

Təhsil