Fərid Qayıbov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

post-img

Gənclər və idman naziri Fərid Qayıbov birinci və ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Fərid Qayıbov “Yüksəliş” müsabiqəsinin qaliblərini qazandıqları nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir qaliblərlə mentorluq proqramının həyata keçirilməsində maraqlı olduğunu bildirib. O, nazirliyin fəaliyyəti barədə məlumat verib, hədəflər və statistik məlumatları qaliblərlə paylaşıb.

“Yüksəliş” müsabiqəsinin qalibləri ölkəmizin inkişafı naminə bu sahədə öz töhvələrini verməkdən qürur hissi duyacaqlarını ifadə ediblər. Görüşün davamında Fərid Qayıbov qaliblərin ölkəmizdə idmanın inkişafı istiqamətində fikirlərini və təkliflərini dinləyib və onların suallarını cavablandırıb.

Müsabiqənin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat davam edir. Qeydiyyat müsabiqənin saytı vasitəsilə aparılır və martın 31-i saat 18:00-dək davam edəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

2023-cü ildə isə növbəti - üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.



Təhsil