Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən “Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsinin ekoloji vəziyyəti” və “İqlim dəyişmələrinin ətraf mühitə təsirləri” mövzularında maarifləndirici görüşlər keçirilib.
XQ xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak ediblər. Tədbir zamanı iştirakçılara Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, ekoloji vəziyyətinin qiymətləndirilməsi, təbii ehtiyatlarından səmərəli istifadə və onların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Növbəti maarifləndirici görüş Elm və Təhsil Nazirliyinin Bakı şəhəri, Səbail rayonu, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyində təşkil olunub.
Tədbir çərçivəsində məktəblilərə səyyar laboratoriya, portativ cihaz və avadanlıqlar vasitəsilə atmosfer havası, torpaq və su resursları üzrə monitorinqlərin aparılması, eləcə də ətraf mühitə təsirlərin qiymətləndirilməsi prosesləri əyani şəkildə nümayiş etdirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlərin məqsədi gənc nəslin ekoloji biliklərinin artırılması, ekoloji məsuliyyət hissinin gücləndirilməsi və ekoloji cəhətdən dayanıqlı davranışların təşviqidir.




