Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
BakıKart kartlarının satış qiymətində dəyişiklik edilib.
XQ xəbər verir ki, ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və kart infrastrukturunun davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək.
Qeyd edək ki, BakıKart kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.
Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda BakıKart kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər.
Qeyd edək ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir.

