Son illərdə dünyada sərbəst saatlı işlər və uzaqdan iş modelləri əmək bazarının nəzərəçarpan hissəsinə çevrilib. Azərbaycanda da bu istiqamətə maraq və ehtiyac artsa da, onun inkişafı hələ tam formalaşmayıb. Bunun əsas səbəbi həm hüquqi, həm də iqtisadi mühitin tam uyğunlaşmamasıdır.
Mövzu ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı bildirdi:
– Hər ölkənin öz iqtisadi modeli var. Azərbaycan iqtisadi münasibətlər sistemi də əsasən bütöv işlər – tam iş günü üzərində qurulub. Təbii ki, Azərbaycanda da müqavilə əsaslı, müəyyən müddətli, mövsümi, saat hesabı işləyənlər var. Əsasən bu, ticarət və xidmət sahələrində olur. Amma bu işəgötürənlərə çox da sərf etmir. Çünki işçini rəsmiləşdirdikdə onun vergisini, sosial sığorta ödənişlərini, tibbi sığorta ödənişlərini və s. ödəməli olur və bu da iş saatını nəzərə aldıqda sərbəst saatlı işlərdə işəgötürənə problem yaradır.
İşçini qanuni işçi kimi rəsmiləşdirməyəndə isə artıq bu hal işçilərə sərf etmir. Həmin şəxslərin gələcəkdə pensiya hüququ olmur, tibbi sığortadan istifadə edə bilmirlər. Ona görə də, bəzi yerlərdə xidmət müqaviləsi əsasında işlər olur. Bunlar da müddətli olur, adətən 3 ay, 6 ay, 1 il ərzində davam edir. Bu işlər konkret bir layihə, hər hansı bir proqram üzrə olur.
Amma daimi fəaliyyət göstərən müəssisələr daimi işçilərin olmasında daha maraqlıdırlar. Çünki bir işçi öz sahəsində davamlı işləməlidir ki, təcrübə qazansın. Və bütün il boyu bu sahəni idarə edə bilsin. Ümumiyyətlə, sərbəst saatlı işlər iş yerlərinin, işçilərin sayının çox olduğu ölkələrdə daha çox rast gəlinir. Bizdə hələ ki, işsizlərin sayı iş yerlərindən çoxdur. Ona görə çox da tələbat yoxdur”.
Müsahibimiz daha sonra qeyd etdi ki, məsafədən iş həm işəgötürənlər, həm də işçi üşün sərfəli və faydalı olmalıdır:
– Belə olmayanda “qanunsuz iş” məsələsi gündəmə gəlir. Bu halda da işçilərin əmək hüquqları pozulur. Ümumiyyətlə, bu sahənin inkişafı üçün əmək qanunvericiliyində ciddi dəyişikliklər olmalı, vergilərdə, sosial sığortada sərfəli şərtlər yaradılmalıdır ki, işəgötürənlər işçini rəsmiləşdirməkdə maraqlı olsunlar. Azərbaycanda son dövrlərə milyonlarla insan faktiki əmək fəaliyyəti göstərib, amma adına sosial sığorta keçirilməyib – yəni qeyri-rəsmi işləyib.
Belə işlərin ölkəmizdə inkişaf etməsi üçün mütəxəssislər təkliflər verməli, dünyada sınaqdan keçmiş təcrübələrdən istifadə edilməlidir.
Fatimə ASLANOVA,
III kurs tələbəsi

