Ümummilli lider Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub.
Bu fikirlər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 8-də Şəki şəhərində keçirilən Heydər Əliyev mərkəzlərinin “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəni dəyərləri” mövzusunda ümumrespublika müşavirəsində səsləndirilib. Müşavirə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunub.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu öndər Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır.
Nazir bildirib ki, Ümummilli liderin doğum günü ərəfəsində Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirələrinin keçirilməsi artıq ənənə halını alıb. Ulu öndərin irsinin, dövlətçilik fəlsəfəsinin, onun siyasi fəaliyyətinin, həyatının dərindən öyrənilməsi, geniş araşdırılması və təbliği baxımından belə tədbirlərin keçirilməsi olduqca önəmlidir. Mədəniyyət Nazirliyinin nəzdində olan Heydər Əliyev mərkəzləri də Ulu öndərin həyat və fəaliyyətinin, onun siyasi fəaliyyətinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin geniş öyrənilməsi, tədqiqi, təbliği və gənclər arasında daha geniş təbliğ edilməsi istiqamətində vahid bir fəaliyyət həyata keçirirlər.
Müşavirədə dövlət xadimi, diplomat və tarixçi Həsən Həsənov, BDU-nun kafedra müdiri, tarix elmləri doktoru İradə Hüseynova çıxış edərək Ulu öndərlə görüşləri ilə bağlı xatirələrini bölüşüblər.
Müşavirədə, həmçinin Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Mehbarə Fətullayeva və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası Rəyasət Heyətinin sədri Fuad Məmmədov çıxış ediblər.
Sonra Heydər Əliyev mərkəzlərinin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Səmərəli fəaliyyətinə görə Heydər Əliyev mərkəzlərinin bir qrup əməkdaşı nazirliyin təşəkkürnaməsi ilə təltif edilib.
Sonda iştirakçılar Ulu öndərin sevdiyi musiqilərdən ibarət konsert proqramını izləyiblər.
XQ

