Britaniyada  süfrələr kasadlaşır

post-img

Böyük Britaniyada son dövrlərdə yaşanan iqtisadi dalğalanmalar yalnız rəqəmlərin dili ilə deyil, insanların gündəlik həyatında da açıq-aydın hiss olunur. Bir zamanlar rifahın və sabitliyin simvolu sayılan bu ölkədə indi milyonlarla ailə süfrəsini bir qədər daha kasad qurmağa, ailəvi görüşlərin sayını azaltmağa məcbur qalır. Which? istehlakçı qrupunun araşdırmasına əsaslanan və LBC radiostansiyasının yaydığı məlumatlar bu reallığın nə qədər dərin olduğunu bir daha üzə çıxarıb.

Məlumata görə, təxminən üç milyon britaniyalı ailə artan yaşayış xərcləri fonunda qənaət yolları axtarır. Bu qənaət isə çox vaxt ən həssas nöqtədən – qida rasionundan başlayır. Süfrədəki bəzi məhsullar artıq əvvəlki kimi əlçatan deyil, gündəlik menyular sadələşir, bəzən isə seçim yox, məcburiyyət diktə edir. Ənənəvi ailə naharları və ya həftəsonu yığıncaqları getdikcə seyrəkləşir. Bu isə təkcə iqtisadi deyil, həm də sosial və mənəvi boşluqlar yaradır. 

Aparılan araşdırmalrın nəticələrinə əsasən, yetkin yaşlı britaniyalıların 85%-i ərzaq məhsullarının qiymətlərindən ciddi narahatlıq keçirir. Ev təsərrüfatlarının üçdəikisi qidalanma vərdişlərini dəyişdirməli olub. Belə ki, sakinlərin 43%-i daha ucuz qida məhsullarına, 37%-i supermarketlərin büdcəyə uyğun mallarına, 31%-i isə endirim aksiyasında olan məhsullara üstünlük verir. 

LBC radiostansiyası, həmçinin bu ilin aprel ayında qeydə alınan istehlakçı inamı səviyyəsinə də diqqət çəkib. Həmin göstərici mənfi 62%-ə qədər geriləyib ki, bu da 2022-ci ildən bəri qeydə alınan ən aşağı nəticə hesab olunur.

Bu mənzərə təkcə Böyük Britaniyanın problemi deyil, qlobal iqtisadi çətinliklərin bir parçasıdır. Lakin inkişaf etmiş ölkələrdə belə halların baş verməsi vəziyyətin ciddiliyini daha qabarıq göstərir. Bu, eyni zamanda dövlət siyasətinin, sosial müdafiə mexanizmlərinin və iqtisadi idarəetmənin nə dərəcədə effektiv olduğuna dair suallar doğurur.

Beləliklə deyə bilərik ki, iqtisadi göstəricilər nə qədər dəyişsə də, insan həyatının mərkəzində yenə də ailə və onun rifahı dayanır. Əgər süfrələr kasadlaşırsa, bu, təkcə maddi yox, mənəvi siqnaldır. 

Nurəngiz Adilqızı

XQ

 

 

Sosial həyat