Cəmiyyət sel və daşqınlar qarşısında köməksiz deyil

post-img

85,8 milyon manatlıq dövlət dəstəyinin sosial-iqtisadi önəmi

Son illər dünyada iqlim dəyişikliklərinin sürətlənməsi təbii fəlakətlərin intensivliyini artırmaqla yanaşı, onların yaratdığı sosial-iqtisadi fəsadları da ağır və genişmiqyaslı edir. Qlobal miqyasda müşahidə olunan bu vəziyyət ölkəmizdən də yan keçmir. Xüsusilə leysan xarakterli yağışların artması, qısa müddətdə böyük su kütlələrinin yaranması və nəticədə sel və daşqınların baş verməsi həm paytaxtda, həm də bölgələrdə narahatlıqlar yaradır.

Məhz bu reallıq fonunda Prezident İlham Əliyevin 28 aprel 2026-cı il tarixli “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ölkənin təbii fəlakətlərə qarşı mübarizə strategiyasında mühüm mərhələ kimi dəyərləndirilə bilər. Sənəd həm mövcud fəsadların aradan qaldırılmasına yönəlmiş operativ dövlət dəstəyi, həm də gələcək təhlükələrin azaldılması baxımından sistemli yanaşmanın bariz nümunəsidir.

Sərəncamda qeyd edildiyi kimi, cari ilin mart–aprel aylarında ölkə ərazisində müşahidə olunan güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində böyük dağıntılara səbəb olub. Nəticədə, kənd təsərrüfatına, yol və körpü infrastrukturuna, elektrik təsərrüfatına, su-kanalizasiya sistemlərinə, eləcə də yaşayış evlərinə ciddi ziyan dəyib.

Belə hallar yalnız maddi itkilərlə məhdudlaşmır. Sel və daşqınlar həm də insanların həyatına və sağlamlığına təhlükə yaradır, yaşayış məntəqələrində sosial gərginlik formalaşdırır, kommunikasiya xətlərini sıradan çıxarır, regionların iqtisadi fəaliyyətini zəiflədir. Xüsusilə aqrar sektorda əkin sahələrinin su altında qalması, məhsul itkisi və mal-qaranın tələf olması kənd yerlərində yaşayan əhalinin gəlirlərinə birbaşa təsir edir.

Bakı şəhərində isə intensiv yağışlar fonunda küçə və prospektlərin su ilə dolması, tunellərin və yeraltı keçidlərin təhlükəli vəziyyətə düşməsi, bəzi yaşayış binalarının zirzəmilərini su basması urban infrastrukturun iqlim çağırışlarına tam hazır olmadığını bir daha gündəmə gətirdi.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən mövcud vəziyyətin təhlili aparılıb, operativ və təxirəsalınmaz tədbirlər görülüb. Su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi üçün müvəqqəti kanalların açılması, əhalinin təxliyəsi və təhlükəsizliyinin təmin edilməsi istiqamətində ardıcıl işlər həyata keçirilib.

Bu mərhələdə əsas prioritet insan həyatının qorunması, təhlükə zonasından vətəndaşların çıxarılması və dağıntıların daha geniş miqyas almasının qarşısının alınması idi. Eyni zamanda, yolların açılması, körpülərin müvəqqəti bərpası, elektrik və su xətlərinin yenidən istifadəyə verilməsi üçün təmir-tikinti tədbirləri görülüb.

Təbii fəlakətlər zamanı dövlət strukturlarının çevikliyi birbaşa olaraq itkilərin miqyasını müəyyən edir. Bu baxımdan Azərbaycan dövlətinin hadisələrə operativ reaksiya verməsi və ilkin mərhələdə ciddi insan tələfatının qarşısının alınması diqqətçəkən amillərdən biridir.

Sərəncamla sel və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində bu səbəbdən dəyən zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının gerçəkləşdirilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan, ümumilikdə, 85 milyon 869 min 260 manat, o cümlədən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.

Bu bölgü onu göstərir ki, sərəncam yalnız bir sahəni deyil, fəlakətin təsir etdiyi bütün istiqamətləri əhatə edir. Yəni söhbət təkcə dağıntıların aradan qaldırılmasından yox, bütövlükdə, infrastrukturun bərpasından, sosial müdafiə tədbirlərindən və mühəndis-kommunikasiya sistemlərinin yenilənməsindən gedir.

Ayrılan maliyyə vəsaiti zərər çəkmiş əhalinin evlərinin bərpası, yeni fərdi yaşayış evlərinin tikintisi, yol və körpü infrastrukturunun təmiri, elektrik və su xətlərinin yenidən qurulması, həmçinin kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün istifadə olunacaq. Bu, təkcə maddi dəstək deyil, eyni zamanda, dövlətin vətəndaşa münasibətinin sosial mahiyyətini göstərən siyasi və humanitar addımdır. Çünki təbii fəlakət zamanı vətəndaşın əsas gözləntisi yalnız ziyanın hesablanması deyil, onun həyatının normal axarına qaytarılmasıdır. Evini itirmiş və ya ciddi ziyan görmüş ailə üçün kompensasiya və bərpa tədbirləri sadəcə maliyyə məsələsi yox, həm də sosial sabitliyin təminatıdır.

Dünyanın bir çox ölkələrində oxşar təbii fəlakətlər baş verdikdə zərərçəkənlərə yardım mexanizmləri uzun müddət bürokratik prosedurlarla uzanır, vəsaitin ayrılması gecikir və nəticədə əhali aylarla çətin vəziyyətdə qalır. Bəzi hallarda isə yardımın həcmi real zərəri kompensasiya etməyə yetmir. Azərbaycanda isə dövlət başçısının birbaşa sərəncamı ilə maliyyə resursları dərhal səfərbər edilir, icra mexanizmi işə salınır və bərpa işlərinə operativ başlanılır.

Bu yanaşma dövlət idarəçiliyində çevikliyin və effektivliyin göstəricisi olmaqla yanaşı, sosial məsuliyyətin də mühüm elementidir. Eyni zamanda, ayrılan vəsaitin konkret qurumlar üzrə dəqiq bölgüsü icra prosesində koordinasiyanın daha yüksək səviyyədə təşkilinə imkan yaradır. Beləliklə, sel və daşqınlara qarşı həyata keçirilən tədbirlər həm sosial rifahın qorunması, həm infrastruktur təhlükəsizliyinin gücləndirilməsi, həm də iqlim dəyişiklikləri şəraitində ölkənin dayanıqlılığının artırılması baxımından mühüm strateji əhəmiyyət kəsb edir.

V.BİNYATOĞLU
XQ

Sosial həyat