Gəncədə Ana Dilimizin qorunmasına və inkişafına dair seminar

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində ana dilimizin qorunması və inkişafı mövzusunda seminar təşkil olunub. Tədbirə Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin giriş sözü ilə başlanılıb. Akademik F. Əliyev, seminarın ölkə rəhbəri cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş çıxışında dilimizin qorunması və inkişafı ilə bağlı irəli sürdüyü tezisləri əsas alaraq təşkil edildiyini vurğulayıb. O, iştirakçılara bu məsələlərlə bağlı elmi mülahizələrini təqdim edəcəyinə ümid etdiyini bildirib.

Akademik Fuad Əliyev, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafına verdiyi töhfələri xatırladaraq, XX əsrin ikinci yarısından başlayaraq dilimizin sürətli inkişafı, dövlət dili statusunun qazanması və beynəlxalq aləmdə səslənməsi məsələlərinin Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O, bu siyasi xəttin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Seminarda daha sonra AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov çıxış edib. O, “Müasir Azərbaycan dili” mövzusunda geniş bir məruzə təqdim edərək, Azərbaycan dilinin dünyanın ən zəngin dillərindən biri olduğunu qeyd edib. Əlimuxtar Muxtarov, dilimizin keçmişdən bu günə qədər həm klassik, həm də müasir formatlarda inkişaf etdiyini və bu zəngin dilin qorunmasının vacib olduğunu bildirib.

Əlimuxtar Muxtarov, həmçinin Azərbaycan dilinin inkişafı və dövlət statusunun tam bərqərar edilməsi üçün müxtəlif tarixi sənədlərə diqqət çəkib. O, Prezidentin 2013-cü il Sərəncamı və 2018-ci il Fərmanının əhəmiyyətini vurğulayaraq, dilin qloballaşma şəraitində istifadəsinin və dilçiliyin inkişafının dövlət səviyyəsində dəstəkləndiyini bildirib.

Daha sonra seminarda Nizami Gəncəvi Mərkəzinin “Nizami irsində sənətşünaslıq” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyeva “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan dilinin saflığının qorunması uğrunda mübarizə” mövzusunda çıxış edib. O, həmin dövrün görkəmli ziyalılarının dilimizin saflığı və inkişafı istiqamətində apardıqları mübarizədən danışıb.

Sonra Nizami Gəncəvi Mərkəzinin “Nizaminin elmi-fəlsəfi görüşləri” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Hüseynova “Klassik mütəfəkkirlərin yaradıcılığında Azərbaycan dilinin zənginliyi” mövzusunda məruzə ilə çıxış edib. Xəyalə Hüseynova, Nizami Gəncəvi və digər klassik mütəfəkkirlərin əsərlərində dilimizin imkanlarını və zənginliyini göstərən nümunələri təqdim edib.

Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və iştirakçılar arasında maraqlı müzakirələr aparılıb. Tədbirin sonunda akademik Fuad Əliyev, iştirakçılara dərin məzmunlu çıxışlar və müzakirələrə görə təşəkkürünü bildirib.

Bu seminar Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində mühüm bir addım olaraq, elmi cəmiyyətin bu sahəyə olan diqqətini daha da artırıb.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri









Sosial həyat