Aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.
XQ xəbər verir ki, aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə çıxış edərək bildirib ki, “Bəylik Bağları” Laçın rayonunun zəngin irsinin mühüm tərkib hissələrindən biri hesab olunur. Tarixən bu məkan münbit torpaqları və müxtəlif meyvə ağacları ilə seçilərək regionun tanınmış bağçılıq ənənələrinin formalaşmasına töhfə verib. Bu ərazi həm yerli sakinlərin təsərrüfat həyatında, həm də ərazinin ekoloji tarazlığının qorunmasında xüsusi rol oynayıb.
“İşğal dövründə ciddi zərər görməsinə baxmayaraq, bu ərazi yenidən bərpa və yaşıllaşdırma işlərinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Laçın rayonunda keçirilən ağacəkmə aksiyası təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda doğma torpaqlarımızın dirçəlişinə verilən mühüm töhfədir”- deyə, M.Məmmədov qeyd edib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, layihənin başlıca məqsədi bu gözəl diyarı əvvəlkindən də abad və ekoloji cəhətdən dayanıqlı bir məkana çevirməkdir.
“Bu istiqamətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələr işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Biz də Qarabağ Dirçəliş Fondu olaraq Qarabağda ekoloji tarazlığın bərpasına yönəlmiş təşəbbüslərə böyük önəm veririk. Bu cür layihlər cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək həmrəylik və məsuliyyət hissini gücləndirir. Əminəm ki, birgə səylərimiz nəticəsində Laçın yaxın illərdə regionun ən gözəl və yaşıl guşələrindən birinə çevriləcək”- deyə, İdarə Heyətinin sədri vurğulayıb.
Keçirilən ağacəkmə aksiyasına görə təşkilatçılara təşəkkür edən yerli sakinlər, aksiyanın ərazilərin yaşıllaşdırılması və ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə icra edilən bu layihə çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə artıq 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə ümumilikdə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur.
Ağacəkmə aksiyasından sonra tədbir iştirakçıları Laçın şəhərini gəzərək burada aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.
Eyni zamanda Laçın rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyi ilə Qarabağ Dirçəliş Fondu arasında Laçın rayonunun bərpası çərçivəsində gələcəkdə birgə layihələrin icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Bəylik kəndi tarixən öz münbit torpağı və müxtəlif növ meyvə ağaclarından ibarət məşhur “Bəylik bağları” ilə tanınıb. 30 illik işğal dövründə bu ərazilər ekoloji terrora məruz qalıb, kəndin tarixi yaşıllıq örtüyü tamamilə məhv edilib.
Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsinə daxil olan Bəylik kəndi 1992-ci ildə işğal edilmişdi. 2020-ci il 1 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.
Kənd işğaldan azad edildikdən sonra tamamilə yenidən qurulub, müasir standartlara uyğun yaşayış infrastrukturu yaradılıb. Burada fərdi yaşayış evləri, daxili yollar, elektrik, su, qaz və rabitə xətləri çəkilib, sosial obyektlərin tikintisi təmin edilib.
Tikinti-quruculuq işləri başa çatdırdan sonra Bəylik kəndinə əhalinin mərhələli şəkildə köçürülməsinə başlanıb.
Xatırladaq ki, 2025-ci il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri çərçivəsində Bəylik kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərin açarlarını təqdim edib. Həmin vaxt kəndə 38 ailə (153 nəfər) köçürülüb. Hazırda isə Bəylik kəndində 89 ailə (363 nəfər) yaşamaqdadır.











