12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür

post-img

1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin "Vostok" kosmik gəmisi ilə orbitə çıxıb. Kosmik gəmi 1 saat 48 dəqiqə Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib.

Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə 12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 30- dan çox ölkədən bir neçə yüz kosmonavt və astronavt olub.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməyilə dünyada ilk dəfə olaraq Yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.

Ölkəmizdə müvafiq sahənin inkişafı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 2008-ci il 4 noyabr tarixli Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilib.

Ötən ilin dekabrında ölkəmizdə ilk dəfə olaraq Milli Kosmik Hakaton keçirilib. Tədbir “Azərkosmos”un təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sabah.Hub və İsrailin “IAI” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan İnnovasiya Mərkəzində keçirilib. İştirakçı komandalar 24 saat ərzində Yerin müşahidəsi peykləri əsasında əldə olunan məlumatlardan və müasir texnologiyalardan istifadə edərək kənd təsərrüfatında məhsuldarlığın artırılması, şəhərsalma proseslərinin optimallaşdırılması, ətraf mühitin qorunması və fəlakətlərin idarə olunması kimi sahələrdə kosmik texnologiyalarının tətbiqinə dair həllər təqdim ediblər.

Ümumiyyətlə, kosmik sənayenin inkişafı Azərbaycanda strateji istiqamətlərdən biridir. Görülən işlər sayəsində ölkəmiz kosmos sahəsində regional əməkdaşlığın genişlənməsinə və qlobal elmi-texniki tərəqqiyə töhfə verən fəal iştirakçılardan birinə çevrilib.

XQ

Sosial həyat