Şəhid milli qəhrəman yad edilib

post-img

Sabirabad Rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, 2016-cı il Aprel döyüşlərinin şəhidi Murad Mirzəyevin anadan olmasının 50 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, mədəniyyət işçiləri, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev rayonun Muğan Gəncəli kəndindən anadan olan Murad Mirzəyevin şərəfli həyat və döyüş yolundan geniş bəhs edərək onun göstərdiyi igidlik və qəhrəmanlığın gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov vurğulayıb ki, vətən uğrunda canından keçən igid oğullarımızın xatirəsi hər zaman uca tutulur, onların göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayır.

Mərasim çərçivəsində Murad Mirzəyevin həyat və qəhrəmanlıq yoluna həsr olunmuş “Tarixin səhifələri” adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şairə Müləmail Murad şəhidin Aprel döyüşlərində göstərdiyi misilsiz şücaətlərindən bəhs edib.

Milli Qəhrəmanın atası Telman Mirzəyev oğlunun xatirəsinə göstərilən diqqət və ehtirama görə dövlət başçısına minnətdarlığını bildirib.

Sonda Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən “Komandir” sənədli filmi nümayiş olunub.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri



Sosial həyat