Masallı rayonunun Güllütəpə kəndində Aprel döyüşləinin qəhrəmanı Firdovsi Bağırzadənin şəhadətinin 10-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Mərasimdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı Ağa Rəşid Talıbov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyat nümayəndələri iştirak ediblər. Firdovsi Bağırzadənin və digər şəhidlərin məzarını ziyarət edilib, qəbirüstü abidələrin önünə tər qərənfillər düzülüb.
Sonra icra başçısı şəhid ailəsini evində olub, qayğıları ilə maraqlanıb. Güllütəpə kənd orta məktəbinin şagirdləri və Masallı Dövlət Regional Kollecinin tələbələri Vətənə, şəhidlərimizə həsr olunan poetik nümunələr söyləyiblər. Veteran müəllim-filoloq İlham Əsədov Firdovsiyə həsr etdiyi silsilə şeirlərini oxuyub.
Tədbirdə çıxış edənlər Firdovsi Bağırzadənin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Firdovsi Bağırzadənin də xatirəsi daim qəlbimizdə yaşayacaq.
Mərasimdə Şəhid Firdovsi Bağırzadənin ailə üzvləri xatirələrini bölüşüb və onlara göstərilən daimi diqqətə, qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Bağırzadə Firdovsi Əliş oğlu (ölümündən sonra) 19 aprel 2016-cı il tarixində “Hərbi xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib və Güllütəpə kəndindəki mərkəzi küçəyə onun adı verilib.
Əlihüseyn ŞÜKÜROV
Masallıda çıxan "Yeni həyat" qəzetinin və eyni adlı saytın baş redaktoru









