Ət bazarının qorxunc gizlinləri

post-img

Mənşəyi məlum olmayan məhsulların çeşidi də, həcmi də artır

Bu gün ölkə mediasında daha çox müzakirə mövzusuna çevrilən məsələlərdən biri bazarlarda mənşəyi məlum olmayan ət məhsullarının satılması halları ilə bağlıdır. Bu, xüsusilə paytaxt Bakının bəzi satış məntəqələrində at ətinin mal əti kimi təklif edilməsi barədə yayılan məlumatların həm istehlakçılar arasında narahatlıq yaratmasından, həm də qida təhlükəsizliyi sisteminin gerçək vəziyyəti ilə əlaqədar ciddi suallar doğurmasından irəli gəlir.

Bu məsələnin təhlükəli tərəfi ondan ibarətdir ki, problem yalnız etik və istehlakçı hüquqları müstəvisində qalmır. Eyni zamanda, mənşəyi bilinməyən ətin satışa çıxarılması baytarlıq nəzarətinin zəifləməsi, xəstəlik ehtimalının artması, qanunsuz kəsimlərin genişlənməsi və dövlətin qida təhlükəsizliyi mexanizmlərinin səmərəliyini sınağa çəkir.

Ət məhsulları qida bazarında ən yüksək riskli məhsul qruplarından biridir. Çünki düzgün nəzarətin olmaması insan sağlamlığı üçün təhlükəli olan zoonoz xəstəliklərin (heyvandan insana keçən xəstəliklərin) yayılmasını, toksiki zəhərlənmələr və sanitariya normalarının pozulmasını şərtləndirir. Bu məsələdə bir sıra hallarda təsadüf edilən at ətinin satılması ilə bağlı narahatlıqlar da diqqət çəkir. Mütəxəssislər tərəfindən belə bir ticarət “aldadıcı satış və sənədsiz dövriyyə problemi” kimi də qiymətləndirilir.

Mövzu müzakirə edilərkən at ətinin satılması ciddi narahatlıq doğurur və məsələ “at əti yemək olar, ya olmaz?” mübahisəsinə çevrilir. Ekspertlər tərəfindən isə problemin kökünün təhlilinə üstünlük verilir, bu zaman at əti mənşəyinin bilinməməsi, kəsimin nəzarətsiz reallaşdırılması, baytarlıq-sanitariya müayinəsindən keçirilməməsi və məhsulun istehlakçıya yanlış təqdim olunmasına daha çox diqqət yetirilir.

Qida eksperti Həsən Rüstəmovun sözlərinə görə, at əti ayrı-ayrı ölkələrdə gündəlik qida məhsulu hesab edilir. Lakin Azərbaycan cəmiyyətində bunun qida mədəniyyətinə uyğun gəlmədiyi bildirilir. Buna baxmayaraq, qanunvericilik baxımından at ətinin satışı da qadağan olunmur. Qadağan edilən əsas məsələ məhsulun başqa ət növü adı ilə satılmasıdır ki, bu da artıq istehlakçının aldadılması və qanunsuz kommersiya dövriyyəsi deməkdir. Belə hallarda qanun yalnız “etik qaydanı” yox, ictimai təhlükəsizliyi qoruyur. Çünki sənədsiz dövriyyədə olan ətin hansı şəraitdə saxlanıldığı, hansı xəstəliyi daşıdığı və insan sağlamlığı üçün hansı risk səviyyəsində olduğu bilinmir.

Kimdir cavabdeh?

Azərbaycan qanunvericiliyi, əslində, ət dövriyyəsini kifayət qədər sərt şəkildə tənzimləyir. Bu sahədə iki əsas hüquqi baza xüsusi rol oynayır. “Baytarlıq təbabəti haqqında” Qanuna əsasən, ətin istehlaka yararlılığı yalnız baytarlıq və sanitariya yoxlamalarının nəticələri əsasında müəyyən edilir. Başqa sözlə, baytarlıq yoxlanılmasından keçməyən məhsulların satışa çıxarılması qadağan olunur. Bu o deməkdir ki, kəsim prosesi nəzarət altında aparılmalı, heyvanın sağlamlığı qiymətləndirilməli, cəmdək və məhsullar baytarlıq ekspertizasından keçirilməlidir. Yalnız bundan sonra satışa icazə verilməlidir.

“Qida təhlükəsizliyi haqqında” Qanun isə daha geniş çərçivədə istehsaldan satışa qədər bütün mərhələlərdə təhlükəsizlik nəzarətini tələb edir. Belə ki, istənilən heyvan məhsulu (at əti daxil olmaqla) yalnız təhlükəsizlik təsdiq edildikdən sonra dövriyyəyə buraxılır. Eyni zamanda, bu qanun dövlətə bir sıra öhdəliklər də verir. Həmin öhdəliklər sırasında istehsal zəncirinin izlənilməsi, sənədləşmə sisteminin qurulması və məhsulun mənşəyinin müəyyənləşdirilməsi kimi məsələlər xüsusi yer tutur.

Baytarlıq nəyə möhür vurur?

Baş nazir Əli Əsədovun ötən ilin sentyabrında imzaladığı qərarla ətin, cəmdəklərin, eləcə də digər heyvan məhsullarının baytarlıq damğası və ştamp ilə nişanlanması məcburi xarakter alıb. Ekspertlər tərəfindən bu addım mühüm islahat kimi qiymətləndirilərək damğalanma sisteminin məhsulun ekspertizadan keçməsinə, bazarda nəzarət mexanizminin asanlaşmasına və sənədsiz dövriyyənin müəyyənləşməsinə imkan verdiyi vurğulanıb. Lakin burada əsas məsələ yenə də icra ilə bağlıdır. Çünki damğanın məcburi olması qanunsuz satışı dərhal aradan qaldırmır. Belə ki, əgər nəzarət zəifdirsə, damğasız məhsul yenə bazara daxil olur və satılırsa, deməli problem “yerində sayır”.

Onu da qeyd edək ki, ölkə bazarlarında mənşəyi bilinməyən ət dövriyyəsinin artması təsadüfi deyil. Bu problem bir neçə amilin üst-üstə düşməsi nəticəsində genişlənir. Məsələn, bəzi hallarda heyvanlar rəsmi kəsim məntəqələrində deyil, kəndlərdə və ya qeyri-qanuni yerlərdə kəsilir. Belə kəsimlərdə baytarlıq yoxlaması keçirilmir, sanitariya şəraiti tələblərə cavab vermir və xəstə heyvanların satışa çıxarılma ehtimalı artır. Bu isə “kölgə ət bazarı”nın formalaşmasına gətirib çıxarır.

Mövzunun iqtisadi maraq və ucuz gəlir mexanizmi tərəfinə gəldikdə isə, deyə bilərik ki, məsələn, at ətinin mal əti adı ilə təqdim olunması çox zaman daha ucuz məhsulun daha bahalı qiymətə satılması kimi bir məqsədə xidmət edir. Bu isə sadə dələduzluq kimi görünsə də, əslində, bazarda qiymət manipulyasiyası yaradır. Belə hallarda dürüst satıcılar rəqabətdə uduzur, bazar mexanizmi pozulur, istehlakçı etibarı azalır.

Ət bazarlarına nəzarət varmı?

Azərbaycanın ənənəvi bazar sistemi geniş pərakəndə şəbəkəyə malikdir. Bazarlarda çox sayda kiçik satıcı fəaliyyət göstərir və onların hər birinin gündəlik yoxlanılması çətindir. Nəticədə yoxlamalar selektiv (seçmə) xarakter alır, bəzi satıcılar nəzarətdən yayınır, riskli məhsullar dövriyyəyə daxil olur. Etiketləmə və izləmə sisteminin tam formalaşmaması da vəziyyəti çətinləşdirir. Belə ki, inkişaf etmiş ölkələrdə ət məhsullarının hər partiyası izlənilə bilir. Bu, məhsulun hansı fermadan çıxması, harada kəsilməsi, hansı nəqliyyatla daşınması, hansı soyuducudan keçməsi anlamına gəlir. Azərbaycanda isə bu sistem hələ tam oturuşmadığı üçün bazarda mənşəyi bilinməyən məhsulların aşkarlanması çətinləşir.

Mütəxəssislərin sözlərinə görə, mənşəyi məlum olmayan ət məhsullarının satışında əsas təhlükə insan sağlamlığı üçün yaranan narahatlıqdır. Bu, bir neçə istiqamətdə, daha çox isə yoluxucu xəstəliklərin yayılması ehtimalı, parazitlərin insana keçməsi, düzgün saxlanılmayan ətin qida zəhərlənməsinə səbəb olması, qeyri-qanuni kəsim zamanı gigiyenik qaydaların pozulması, eləcə də antibiotik və hormonal maddələrin normadan artıq olması kimi hallarda özünü göstərir. Düzdür, belə vəziyyət bəzən vətəndaş üçün “ət təzə görünür” düşüncəsi ilə fərq etməyə bilər. Lakin təhlükə irəlicədən müşahidə edilmir, mikrobioloji səviyyədə olur. Bununla da həmin məhsul ən təhlükə ehtimalı olan qida kateqoriyalarından birinə çevrilir.

Bəs istehlakçı hüquqları?

Qida eksperti Şamil Cəbrayılov bildirir ki, at ətinin mal əti adı ilə satılması inzibati məsuliyyət olmaqla yanaşı, həm də müəyyən hallarda cinayət məsuliyyəti yaradan hərəkət hesab edilir. Çünki bu, əslində, istehlakçının aldadılması və saxtakarlıqdır, eyni zamanda, bir çox hallarda ictimai təhlükəli nəticələr doğura bilir. Əgər belə məhsul zəhərlənməyə və ya insan sağlamlığına ciddi zərər vurmağa gətirib çıxararsa, məsuliyyət daha da ağır olur.

Bu baxımdan məsələ təkcə baytarlıq xidmətlərinin işi ilə kifayətlənmir. Yaranan vəziyyət hüquq-mühafizə orqanları, istehlak bazarına nəzarət strukturları və məhkəmə-hüquq sisteminin də rolunu artırır. Sistemli həll yolu nədən ibarət olmalıdır sualına gəldikdə isə cavab mütəxəssislərin tez-tez səsləndirdikləri “sistemli yanaşma” çağırışına əsaslanır. Digər tərəfdən, bu məsələdə narahatlıq doğuran çətinliyin epizodik reydlərlə aradan qaldırılmasının mümkün olmamasıdır. Çünki reydlər qısamüddətli səmərə verir, “kölgə bazarı” isə bundan az sonra yenidən formalaşır.

Sistemli yanaşmanın əsas elementləri sırasında kəsim məntəqələrinin tam nəzarətə götürülməsi xüsusi yer tutur. Çünki ət dövriyyəsi kəsim mərhələsindən başlayır. Əgər kəsim nəzarətsizdirsə, bazarda bununla bağlı özbaşınalıq hökm sürür. Buna görə də qeyri-qanuni kəsimlərə qarşı cərimələr sərtləşdirilməli, rəsmi kəsim məntəqələrinin sayı artırılmalı, kəndlərdə mobil baytarlıq nəzarəti genişləndirilməlidir.

Şamil Cəbrayılov qeyd edir ki, bu məsələdə məhsulun izlənilməsi üçün elektron sistemin yaradılmasına da ciddi ehtiyac duyulur. Çünki ət bazarında “fermadan süfrəyə qədər” izləmə mexanizminin qurulması “sistemli yanaşma” çağırışında mühüm yer alır. Başqa sözlə, bu zaman elektron qeydiyyat sistemi vasitəsilə heyvanın qeydiyyatı, peyvəndlənmə tarixi, kəsim yeri və laborator analiz nəticələri vahid platformada görünməsi reallaşır.

Bazarlarda müasir cihazlarla təmin olunan laboratoriyaların genişləndirilməsinə də zəruri ehtiyac var. Çünki vizual yoxlama bəzən kifayət etmir. Satıcıların məsuliyyəti də sərtləşdirilməlidir. Ona görə ki, satıcı qanunsuz ət satdığı halda yalnız “kiçik cərimə” ödəyir, bu isə riskli ticarətin davam etməsi deməkdir. Amma onun təkrar pozuntuya görə ticarət hüququndan məhrumetmə, obyektin bağlanması, məhsulun müsadirəsi kimi tədbirlərlə cəzalandırılması kəsim məntəqələrində fəaliyyətin səmərəliliyini artırır.

“Sistemli yanaşma” çağırışında istehlakçı maarifləndirilməsi məsələsi də mühüm əhəmiyyət daşıyır. Belə bir halda vətəndaş damğasız ət almaqdan çəkinir, eyni zamanda, sənəd tələb etmək hüququnu bilir və şübhəli məqamları aidiyyəti qurumlara vaxtında çatdırır.

Xarici ölkə bazarlarında durum

Bəzən cəmiyyətdə belə fikir formalaşır ki, mənşəyi məlum olmayan ət məhsullarının satılması halları yalnız bizdə olur. Əslində isə bu problem dünyanın bir çox ölkəsində yaşanır. Sadəcə fərq ondadır ki, inkişaf etmiş ölkələrdə bu hallar daha tez aşkarlanır və təqsirkar daha sərt şəkildə cəzalandırılır. Məsələn, Avropa İttifaqında (Aİ) ət məhsulları üçün ən sərt qida təhlükəsizliyi standartları tətbiq olunur. Burada əsas prinsip “izlənilmədir”, yəni məhsulun haradan gətirildiyi, hansı fermada yetişdirildiyi və hansı müəssisədə emal edildiyinin sistemdə görünməsidir. Bununla belə, Aİ ölkələrində də saxtakarlıq halları müşahidə olunur. Məsələn, mal əti adı altında at ətinin satılması, donuz ətinin başqa adla təqdim edilməsi və ucuz ətin bahalı məhsul kimi qablaşdırılması kimi vəziyyətlə rastlaşılır. Bu cür hallar üzə çıxanda dövlət strukturları tərəfindən genişmiqyaslı araşdırma aparılır, məhsullar geri qaytarılır və şirkətlər milyonlarla avro həcmində cərimələnir. Bir çox hallarda isə məsul şəxslər cinayət məsuliyyətinə cəlb edilir.

Onu da xatırladaq ki, ABŞ-da məhsulun mənşəyini gizlətmək və ya yanlış təqdim etmək qida saxtakarlığı kimi qiymətləndirilir və ağır hüquqi nəticələrə səbəb olur. Bu ölkədə nəzarət mexanizmi əsasən sertifikatlaşdırma, laborator analizlər, müəssisələrin daimi yoxlanılması və istehlakçı şikayət mexanizmləri əsasında qurulur. Mənşəyi məlum olmayan məhsul aşkar edildikdə, həmin partiya dərhal bazardan çıxarılır və şirkət məhkəməyə cəlb olunur. Yaponiyada isə qida təhlükəsizliyi dövlət üçün milli etibar məsələsi sayılır. Burada qida məhsulunun mənşəyini gizlətmək iqtisadi cinayət olmaqla bərabər, istehlakçıya qarşı ağır etibarsızlıq aktı kimi qiymətləndirilir.

Bir sözlə, inkişaf etmiş ölkələrdə mənşəyi məlum olmayan ət satışı hallarının aşkarlanma mexanizmi daha güclüdür, başqa sözlə, cəzalar daha sərtdir, saxta məhsullar bazardan dərhal yığışdırılır, reputasiya və hüquqi risk çox yüksək olduğu üçün bu hallar sistemli şəkildə azaldılır. Azərbaycanda isə yuxarıda vurğulandığı kimi, qanun var, amma “qoruyucu mexanizm” zəifdir. Bu fikri bir qədər də konkretləşdirib qeyd edək ki, respublikamızda qanunvericilik kifayət qədər mövcuddur. Problem isə daha çox icra mexanizminin davamlılığında və bazarda nəzarətin zəif olmasındadır.

Əgər bazarda sertifikatsız məhsul satılırsa, damğasız cəmdək açıq şəkildə nümayiş etdirilirsə, istehlakçı “bu ət haradandır?” sualına cavab ala bilmirsə, deməli, nəzarət mexanizmi real təsir gücünə malik deyil. Burada əsas məsələ təkcə cərimələr deyil, qida təhlükəsizliyi sistemində narahatlıqların öncədən qarşısını alan mexanizmlərin qurulmamasıdır.

Beləliklə, əgər ölkəmiz qida təhlükəsizliyi sahəsində daha etibarlı və müasir sistem qurmaq istəyirsə, epizodik yoxlamalara son deyilməli, uzunmüddətli və texnoloji əsaslı dövlət nəzarəti modeli yaradılmalıdır. Çünki qida təhlükəsizliyi təkcə bazara getmək deyil, bu həm də ölkənin sağlamlıq, iqtisadiyyat və sosial sabitlik təhlükəsizliyidir.

Eyyub HÜSEYNOV,
Azad İstehlakçılar Birliyinin sədri

Bu gün çox az miqdarda ət məhsulunda tələb olunan məlumatlar yer alır. Əksər hallarda isə istehlakçı nə ətin haradan gəldiyini, nə də hansı təsərrüfata məxsus olduğunu bilmir. Bu vəziyyət istehlakçı hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilir ki, heyvanların identifikasiyası sistemi tam şəkildə tətbiq olunmayana qədər ətin mənşəyinin izlənməsi mümkün deyil. Bu layihə gerçəkləşdirildikdən sonra heyvanın hansı fermer təsərrüfatında doğulduğu, harada saxlanıldığı və kəsildikdən sonra ətin hansı istiqamətdə paylanıldığı müəyyən ediləcək. Hazırda isə belə bir izlənmə mexanizmi mövcud olmadığından məhsulların üzərində mənşə məlumatları qeyd edilmir.

Təkcə ət məhsulları deyil, bazarda satılan bütün ərzaq malları etiketlənmiş şəkildə təqdim olunmalıdır. Mövcud vəziyyət isə istehlakçıların keyfiyyətli və təhlükəsiz məhsul seçimi imkanlarını məhdudlaşdırır.

Qanunsuz heyvan kəsimi ilə mübarizənin səmərəliliyini artırmaq üçün bir daha qeyd edirəm ki, bu, yalnız inzibati yollarla, yəni yerli polis orqanları, icra hakimiyyətləri və Qida Təhlükəsizliyi Agentliyi vasitəsilə mümkün deyil. Kəsim yerlərini, necə deyərlər, ifşa etməklə iş bitmir. Əsas məsələ istehlakçıları maarifləndirmək və elə bir ictimai mühit yaratmaqdır ki, insanlar bu cür hallardan çəkinsin, istehlakçılar isə küçə kəsimindən imtina etsinlər. Bu istiqamətdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır.

Təəssüf ki, ictimaiyyətin bu sahədə dövlət orqanlarına dəstəyi də zəifdir. Çünki xəstəlikdən ölmüş və ya murdar olmuş heyvanlar, o cümlədən at və eşşək ətləri bəzən bələdiyyələrin, sahə müvəkkillərinin və ziyalıların tanıdığı məhəllələrdə, qonşuluqlarda satılır. Lakin onlar çox zaman dövlət orqanlarının səmərəli fəaliyyət göstərmədiyini görərək susmağa üstünlük verirlər.

Vaqif BAYRAMOV
XQ





Sosial həyat