Aprelin 6-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Məhkəmənin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, ortaq milli-mənəvi dəyərlərdən və ənənələrdən güc alan Azərbaycan-Türkiyə qardaşlığının dünya ölkələrinə nümunə olduğunu vurğulayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iki qardaş ölkə arasında sarsılmaz münasibətlərin Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.
Böyük geosiyasi və iqtisadi potensiala malik dövlətlərimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib. Bildirilib ki, ən əhəmiyyətli məqamlarda dövlətimizə dayaq olmuş qardaş Türkiyənin Vətən müharibəsində və ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ölkəmizin yanında olması xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün Əsas Qanunun hüquqi qüvvəsi suveren respublikamızda tam bərpa edilib və işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi ilə həm də vətəndaşların konstitusiyada təsbit olunan hüquqlarının müdafiəsi təmin olunub.
O, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində uğurla inkişaf etdiyini vurğulayıb.
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək iki qardaş xalq arasındakı münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini, “bir millət, iki dövlət” prinsipi əsasında qurulan əməkdaşlığın dövlət institutları arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüş zamanı konstitusiya ədalət mühakiməsinin rolu, hüquq sistemlərinin inkişafı, məhkəmə və prokurorluq institutları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər hüququn aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Sonra məhkəmənin binası ilə tanışlıq olub.


