“Zəfər yolu” – əbədi şöhrət ünvanı

post-img

Aprelin 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi ümumi qrant müsabiqəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər yolu” layihəsinin təqdimatı keçirildi.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər.

Layihənin təqdimat mərasimi çərçivəsində nümayiş olunan “Xatirələr muzeyi” tamaşası iştirakçılar tərəfindən böyük maraq və ehtiramla qarşılandı. Şair-yazıçı İlqar Fəhminin müəllifi olduğu ssenari əsasında Əməkdar artist, rejissor Nicat Kazımovun quruluş verdiyi səhnə əsəri 10 il əvvəl yazılan qəhrəmanlıq salnaməsini – Aprel zəfərini sanki yenidən canlandırdı.

Xüsusilə, Milli Qəhrəman Pəncəli Teymurovun obrazı vasitəsilə bütün Aprel şəhidlərinin ortaq taleyi elə ustalıqla canlandırılmışdı ki, tamaşaçı xalqın azadlıq fəryadını izləyirdi. Hələ 2015-ci ildə Kəlbəcər əməliyyatında göstərdiyi misilsiz fədakarlığa görə “İgidliyə görə” medalı ilə təltif olunan gizir Pəncəli Teymurovun sarsılmaz iradəsi, onun öz toyunda dilinə gətirdiyi və bu gün də hər kəsi qürurlandıran “Vətən üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli bayrağına bükülüb dəfn olunmağa aparılsın” arzusu ədəbi-bədii kompozisiyanın ən sarsıdıcı məqamı idi.

Aprel döyüşləri şəhidi, “Murov qartalı” polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, kompozisiyanın ideya müəllifi Sevinc Orucova bildirdi ki, Azərbaycan Ordusunun Aprel döyüşlərindəki şanlı yolu sonradan 44 günlük Vətən müharibəsində böyük qələbə ilə nəticələndi, Aprel döyüşlərində qəhrəmanların açdığı cığırla irəliləyən Azərbaycan əsgəri onların missiyasını layiqincə davam etdirərək torpaqlarımızı azadlığına qovuşdurdu, şəhidlərin qisasını aldı. Ona görə də Aprel döyüşləri müasir tariximizdə qələbəyə aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd etdi ki, 30 illik işğal dövründə təkcə torpaqlarımız deyil, həm də milli kimliyimiz və mədəni irsimiz ağır dağıntılara və təhqirlərə məruz qalmışdı. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri, Şuşada keçirilən “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri mədəniyyətin də yenidən dirçəldilməsidir. Bu tarixi nailiyyətlərin və mədəni dirçəlişin əsas memarları hər zaman böyük minnətdarlıqla xatırlayacağımız şəhidlərimiz və qazilərimizdir.

Əməkdar artist Nicat Kazımov XQ-yə açıqlamasında söylədi ki, “Xatirələr muzeyi” səhnə əsərində Aprel döyüşlərində şəhadətə ucalan 90 qəhrəmanımızın fədakarlığı 10 şəhidin ümumiləşdirilmiş real həyat hekayəsində canlandırılıb. Əsas məqsəd şəhidlərimizin əziz xatirəsini daim yad etmək və bu şanlı tarixi gələcək nəsillərə ötürməkdir. Layihədə ölkənin aparıcı teatrlarının – Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı və Uşaq və Gənclər Teatrının aktyor heyəti, eləcə də Bakı Xoreoqrafiya Akademiyasının və Mədəniyyət və İncəsənət Universitetinin istedadlı tələbələri bir araya gəlib.

Ssenari müəllifi, şair-yazıçı İlqar Fəhmi XQ-yə açıqlamasında qeyd etdi ki, builki layihənin əsas fərqi və üstünlüyü onun tamamilə real hadisələr üzərində qurulmasıdır.

Qürurverici məqamlardan biri də tamaşaçılar arasında şəhid övladlarının da yer almasıdır. Yazıçı qeyd etdi ki, bu il Aprel döyüşlərinin 10-cu ildönümü ilə yanaşı, həmin döyüşlərdə şəhadətə ucalan qəhrəmanlarımızın – Qabil Orucəliyevin oğlu Qabilin və Ziya Həsənovun qızı Yağmurun da 10 yaşları tamam olur. Onlar atalarına həsr olunan səhnə əsərini gözyaşları, lakin böyük şərəf və qürur hissi ilə izlədilər. O körpələrin baxışlarındakı kədərli iftixar, səhnədə canlandırılan hadisələrin nə dərəcədə real və müqəddəs olduğunu göstərirdi.

Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova sözlərini övladları şəhidlik zirvəsinə ucalandan sonra qələmə aldığı “Allaha yalvarış” şeirindən bir parça ilə tamamladı:

“Bütün mərd oğullar anasıyam mən
Vaqiflər, Mehmanlar anasıyam mən”.

Aprel döyüşləri şəhidi Nurlan Əsgərov və Vətən müharibəsi şəhidi İntiqam Əsgərovun anası Ziba Əsgərova da fikirlərini bizimlə bölüşdü:

– 2016-cı ilin Aprel döyüşlərində iki qardaş eyni döyüşdə idi. Nurlan vurulanda, İntiqam ona tərəf qaçıb. Çatanda görüb ki, Nurlan hələ nəfəs alır. Oğlum son nəfəsində qardaşına deyib ki, kaş, Şuşaya bayrağımızın sancılmasını görüb sonra şəhid olardım. Nurlan şəhadətə ucaldı, İntiqam isə o gündən sonra qardaşının, Xocalıda şəhid olan körpələrin, qocaların və dostlarının intiqamını alacağına and içdi.

Oktyabrın 18-də evə zəng etdi. Səsində elə bir sevinc, elə bir rahatlıq var idi ki... “Ana, aldım! Həm qardaşımın, həm yoldaşlarımın, həm də o məsum körpələrin qisasını aldım!” – dedi. O, arzusu olan Şuşaya doğru irəliləyirdi. Çünki Nurlanın da ən böyük arzusu Şuşada olmaq idi. İntiqam həm özünün, həm də şəhid qardaşının xəyalını igid əsgərlərimizlə birgə Şuşanın sıldırım qayalarına daşıdı, sonra da şəhadətə ucaldı. “Xatirələr muzeyi”ndə son pərdə ensə də, şəhidlərimizin yazdığı o böyük dastan heç vaxt bitməyəcək. Ruhunuz şad olsun, Vətən göylərinin sönməz ulduzları!

Fidan ƏLİYEVA
XQ



Sosial həyat