Yerli istehsalın olmaması isə vəziyyəti ildən-ilə pisləşdirir
Azərbaycanda körpə qidalarının qiymətinin artması son vaxtlar cəmiyyətin ən həssas sosial mövzularından biri kimi diqqət çəkir. Xüsusilə süni qidalanan uşaqların valideynləri üçün bu məsələ artıq ciddi maliyyə yükü yaradır. Bazarda müşahidə edilən qiymət artımı və yerli istehsalın olmaması isə həm iqtisadi, həm də sosial baxımdan daha çox narahatlıq doğurur.
Hazırda ata-anaların ən çox şikayət etdiyi məsələlərdən biri uşaq qidalarının qiymətinin, demək olar ki, hər 2-3 aydan bir artmasıdır. Apteklərdə və uşaq məhsulları mağazalarında satılan süni qidaların qiyməti brenddən, tərkibdən və qablaşdırmanın həcmindən asılı olaraq 10 manatdan başlayaraq 300 manata qədər dəyişir. Lakin satış statistikasına görə ən çox tələbat olan məhsullar əsasən 15-45 manat arasında qərarlaşır. Bu isə süni qida ilə saxlanılan körpənin aylıq xərcinin bəzi hallarda yüzlərlə manata qədər yüksələ biləcəyi deməkdir.
Əczaçılar bildirirlər ki, Azərbaycan bazarında satılan uşaq qidalarının böyük hissəsi idxal məhsullarıdır. Bu məhsullar daha çox Avropa ölkələrindən, Türkiyə və Rusiyadan gətirilir. Yerli istehsalın olmaması isə qiymətləri idxal xərclərindən, valyuta dəyişikliklərindən və logistika amillərindən birbaşa asılı edir. Bu səbəbdən bazarda qiymət sabitliyinin reallaşması getdikcə çətinləşir.
Pediatr Vəli Usubov qeyd edir ki, körpələr üçün ən ideal və təhlükəsiz qida ana südüdür. Lakin müxtəlif tibbi və sosial səbəblərdən bütün körpələrin ana südü ilə qidalanması mümkün olmur. Belə hallarda isə süni qidalardan istifadə edilir. Bu zaman məhsulun qiymətindən çox tərkibinə önəm verilməli, gizli şəkərin olmaması, qidanın körpənin yaş qrupuna uyğun gəlməsi və balanslaşdırılmış qida komponentləri əsas meyarlar kimi diqqətdə saxlanılmalıdır. Əksinə, dadlandırıcıların, rəngləndiricilərin və aromatizatorların çoxluğu məhsulun keyfiyyətini aşağı sala və körpənin sağlamlığı üçün arzuolunmaz nəticələr doğura bilər.
Yuxarıdakı fikri bir qədər də konkretləşdirib vurğulaya bilərik ki, valideynlər üçün əsas problem qiymətlərin yüksək olması ilə yanaşı, məhsulların keyfiyyəti barədə dəqiq məlumat əldə etməyin çətinliyidir. Bir çox ailələr üçün uşaq qidasının seçimi yalnız qiymət amilinə əsaslanır. Halbuki mütəxəssislər bu məhsulların seçilməsində əsas meyarın təhlükəsizlik və qida dəyəri olmasını tövsiyə edirlər.
Beləliklə, Azərbaycanda körpə qidaları bazarı bir neçə mühüm problemlə – idxaldan yüksək asılılıq, qiymətlərin tez-tez dəyişməsi və keyfiyyətə nəzarət məsələləri ilə üzləşir. Bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün həm dövlət nəzarətinin gücləndirilməsi, həm də yerli istehsal imkanlarının araşdırılması zəruri hesab olunur. Eyni zamanda, gələcəkdə ölkədə uşaq qidaları istehsalının təşviqi və idxal olunan məhsulların laborator monitorinqinin gücləndirilməsi, eyni zamanda, qiymətlərin sabitləşməsinə və körpələrin qida təhlükəsizliyinin daha etibarlı şəkildə reallaşmasına kömək edə bilər.
Bəs yerli istehsala nə mane olur?
Ekspertlər tərəfindən uşaq qidalarının bahalaşmasının əsas səbəblərindən biri kimi ölkədə bu sahədə yerli istehsalın olmaması göstərilir. Onların fikrincə, belə müəssisələrin yaradılması bazarda qiymətlərin optimallaşmasına və idxaldan asılılığın azalmasına kömək edə bilər. Lakin bu sahədə investisiya cəlb etmək o qədər də asan məsələ deyil. Çünki uşaq qidalarının istehsalı yüksək texnologiya, ciddi keyfiyyət nəzarəti və böyük istehsal həcmi tələb edir. Yalnız böyük istehsal miqyası formalaşdığı halda maya dəyərini aşağı salmaq və məhsulu əlçatan qiymətə təqdim etmək mümkün olur.
Digər tərəfdən, mütəxəssislərin əksəriyyəti idxal olunan bəzi məhsulların keyfiyyəti ilə bağlı risklərin də mövcudluğunu vurğulayır. Ümumiyyətlə, uşaq qidalarının təhlükəsizliyi məsələsi hər zaman beynəlxalq miqyasda daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda körpə qidalarının əsas hissəsi isə beynəlxalq brendlər tərəfindən istehsal olunur. Bu sahədə dünya bazarında üstün mövqe tutan şirkətlərdən biri Nestle hesab olunur. Şirkətin istehsal etdiyi SMA, BEBA və NAN kimi məhsullar Azərbaycan bazarında da geniş yayılıb.
Lakin son illər dünya miqyasında bu məhsulların təhlükəsizliyi ilə bağlı bir sıra qalmaqallar da baş verib. Cari ilin əvvəlində onların bəzilərinin tərkibində ürəkbulanma və qusma halları yarada biləcək toksinin olması ehtimalı səbəbindən həmin məhsulların müəyyən qismi bir sıra ölkələrdə geri çağırılıb. Məlumata görə, geri çağırış 25 ölkəyə məxsus zavodlarda istehsal olunan yüzlərlə məhsul partiyasına təsir göstərib. Bu hadisə beynəlxalq qida sənayesində uşaq qidalarına nəzarətin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, bəzi hallarda Avropa İttifaqında geri çağırılan və ya satışına məhdudiyyət qoyulan məhsullar digər ölkələrin bazarlarında da görünə bilir. Bunun əsas səbəbi qlobal ticarət zəncirinin mürəkkəbliyidir. Belə ki, uşaq qidalarının satışında çox vaxt istehsalçı şirkət → regional distribütor → topdansatış şirkəti → yerli idxalçı → aptek və ya mağaza zənciri mövcuddur. Bu zəncirin uzun olması səbəbindən geri çağırılma qərarı bütün satış nöqtələrinə eyni vaxtda çatmır. Digər səbəb isə paralel idxal adlandırılan ticarət mexanizmidir. Bəzi hallarda məhsullar rəsmi distribütorlar deyil, üçüncü tərəf şirkətlər tərəfindən başqa ölkələrdən alınaraq bazara gətirilir. Belə məhsulların hamısı rəsmi idxal prosedurlarından keçmədiyinə görə onların üzərində nəzarət də getdikcə zəifləyir.
Yeri gəlmişkən, ölkədə satılan uşaq qidaları qiymətlərinin formalaşması birbaşa xarici bazar amillərindən asılıdır. Bu məsələdə beynəlxalq xammal qiymətləri, logistika və daşınma xərcləri, valyuta məzənnələrinin dəyişməsi, eləcə də idxal və distribütor marjaları əsas rol oynayır. Bu amillərin hər hansı birində baş verən dəyişiklik bazarda qiymət artımı ilə nəticələnə bilər. Məsələn, son illərdə qlobal logistika xərclərinin artması və xammal bazarında baş verən bahalaşma uşaq qidalarının qiymətlərinə də təsir göstərib. Bu sahədə bahalaşmanın əsas iqtisadi səbəbləri isə son illər qlobal xammalın, körpə qidalarının əsas komponentləri olan süd zülalı, bitki yağları, vitamin kompleksləri və xüsusi yağ turşularının dünya bazarında qiymətlərinin sürətlə artmasıdır.
Xarici ölkələrin ciddi nəzarət sistemi
İnkişaf etmiş ölkələrdə uşaq qidalarının istehsalı və satışı çox sərt qaydalarla tənzimlənir. Məsələn, Avropa İttifaqında (Aİ) bu sahəyə Avropa Qida Təhlükəsizliyi İdarəsi nəzarət edir. ABŞ-da isə uşaq qidalarının təhlükəsizliyinə görə məsul qurum Amerika Qida və Dərman Agentliyi hesab olunur. Bu qurumlar tərəfindən müəyyənləşdirilən qaydalara əsasən hər bir məhsul dövlət qeydiyyatından keçirilməli, istifadə olunan xammalın mənşəyi ciddi şəkildə yoxlanılmalı, istehsal prosesi steril şəraitdə aparılmalı və məhsulların hər partiyası laborator analizdən keçirilməlidir. Bundan əlavə, Aİ-də qida təhlükəsizliyi ilə bağlı çətinliklər barədə ölkələr arasında operativ məlumat mübadiləsini gerçəkləşdirən xüsusi xəbərdarlıq sistemi mövcuddur. Bu sistem sayəsində təhlükəli məhsullar bazardan çox qısa müddətdə çıxarılır.
Göründüyü kimi, Avropa İttifaqında uşaq qidaları ən sərt şəkildə nəzarət olunan məhsullar sırasındadır və şübhəli qida malları da dərhal geri çağırılır. Lakin qlobal ticarət zənciri və paralel idxal səbəbindən bu məhsullar bəzən digər ölkələrin bazarlarına da yol tapa bilir. Azərbaycan kimi idxaldan asılı bazarlarda isə əsas həll yolları yerli istehsalın yaradılması, idxal nəzarətinin gücləndirilməsi və laborator monitorinq sisteminin genişləndirilməsidir. Buna görə də ölkəmizdə körpə qidaları bazarında həm qiymət, həm də keyfiyyət məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır. Yerli istehsalın təşviqinə, idxal məhsullarının keyfiyyətinə və valideynlərin məlumatlandırılmasına prioritet istiqamətlər kimi yanaşılmalıdır. Ekspertlərin fikrincə, dövlət dəstəyi ilə bu sahədə istehsal imkanlarının yaradılması uzunmüddətli perspektivdə həm qiymət sabitliyini təmin edə, həm də ölkənin qida təhlükəsizliyinə mühüm töhfə verə bilər.
Uşaq qidalarının istehsalı yüksək texnologiya tələb edən sahə olduğundan bu bazara yeni şirkətlərin daxil olması asan deyil. Məhsulların tərkibi, təhlükəsizliyi və qidalanma dəyəri ilə bağlı beynəlxalq standartlar olduqca sərtdir. Buna görə də istehsal prosesində steril laboratoriyalar, avtomatlaşdırılmış qablaşdırma xətləri və çoxpilləli keyfiyyət nəzarəti tətbiq edilir.
Bütün bunlar göstərir ki, körpə qida istehsalı qlobal qida sənayesinin ən sürətlə inkişaf edən və eyni zamanda, ən ciddi nəzarət olunan sahələrindən biridir. Analitik araşdırmalara görə, dünya üzrə uşaq qidaları bazarının həcmi artıq yüz milyardlarla dollarla ölçülür və yaxın illərdə də bu sektorun genişlənməsi gözlənilir. Artımın əsas səbəbləri arasında urbanizasiya, işləyən qadınların sayının artması və süni qidalara olan tələbatın yüksəlməsi göstərilir.
Ekspertlərin fikrincə, dövlət nəzarətinin gücləndirilməsi, idxal olunan məhsulların laborator monitorinqinin genişləndirilməsi və uzunmüddətli perspektivdə yerli istehsal imkanlarının yaradılması bu sahədə vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verə bilər. Bu addımlar həm qiymətlərin optimallaşmasına, həm də körpələrin qida təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsinə müsbət təsir göstərər. Dövlət nəzarətinin gücləndirilməsi, idxal olunan məhsulların laborator monitorinqinin genişləndirilməsi və uzunmüddətli perspektivdə yerli istehsal imkanlarının yaradılması da bu sahədə vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verə bilər.
X.KƏRİMLİ,
iqtisadçı-ekspert
Azərbaycanda körpə qidalarının qiymətinin artması son illər valideynlərin ən çox narahat olduğu məsələlərdən biridir. Xüsusilə süni qida ilə qidalanan uşaqlar üçün aylıq xərclərin yüksək olması bir çox ailənin büdcəsinə ciddi təsir göstərir. Apteklərdə və uşaq məhsulları mağazalarında satılan qidaların qiyməti brenddən və tərkibdən asılı olaraq geniş diapazonda dəyişir. Ən ucuz məhsullar, təxminən, 10 manatdan başlasa da, bəzi xüsusi formulaların qiyməti 200-300 manata qədər yüksəlir. Ən çox tələbat olan məhsullar isə əsasən 15-45 manat aralığında satılır.
Bu sahədə yaranan əsas problemlərdən biri Azərbaycanın uşaq qidaları bazarının demək olar ki, tam şəkildə idxaldan asılı olmasıdır. Hazırda ölkədə satılan körpə qidalarının böyük hissəsi xaricdən gətirilir. Yerli istehsalın olmaması isə qiymətlərin beynəlxalq bazar qiymətlərindən, valyuta dəyişikliklərindən və logistika xərclərindən birbaşa asılılığına səbəb olur.
Azərbaycanda uşaq qidalarına tələbat gündən-günə artır. Ancaq son vaxtlar bütün dünyada ciddi nəzərəçarpan qida böhranı və qiymət artımı bu sahədən də yan keçmir. Təkcə qida deyil, uşaq geyimləri və oyuncaqları da sürətlə bahalaşır. Bu durum isə aztəminatlı ailələr üçün vəziyyəti daha da çətinləşdirir.
Bu sahədə qiymətlərin artmaması üçün ən doğru çıxış yolu Azərbaycanda uşaq qidalarının istehsalına başlanılmasıdır. Ərzaq məhsullarının yarısının ölkədaxili istehsal olduğunu nəzərə alaraq respublikada uşaq qidaların da hazırlanmasına başlamaq olar. Belə halda, hətta bəzi inqrediyentlər Azərbaycana idxal edilsə belə, hər bir halda, maya dəyəri düşəcək və qiymət daha ucuz olacaq.
Azərbaycana süni uşaq qidaları xaricdən idxal edildiyindən son illər qiymətlərdə fantastik artım baş verib. Dünya bazarında da qiymətlər qalxıb, logistika bahalaşıb, ona görə bizdə uşaq yeməklərinin qiymətində ciddi bahalaşma nəzərə çarpır. Bunun qarşısını almağın yolu, təbii ki, yerli istehsalın təşkilidir. Bu məsələ ilə bağlı kompleks tədbirlər görülməlidir. Uşaqlara çəkilən xərclər artdıqca, ailə qurmaq istəyənlərin, ailələrdə uşaqların sayı azalır. Bu baxımdan hesab edirəm ki, bu, çox təhlükəli tendensiyadır. Aidiyyəti qurumlar bu məsələni nəzarətə götürməlidir. Körpə uşağa bahadır sözü demək olmur. Qiymət elə tənzimlənməlidir ki, hər kəsin cibinə uyğun olsun.
Bahalaşmanın səbəbləri çoxdur, bunlar arasında idxal qiymətlərinin yüksəlməsi, hökumət tərəfindən verilən əlavə yük və daşıma xərclərinin artması da var. Məsələn, yanacaq qiymətlərinin, kommunal xərclərin artırılması, minimum əməkhaqqının yüksəlməsi sahibkarların ölkə daxilində, həm də ölkə xaricində anbar saxlanma xərclərini artırır. Bütün bu amillər nəticədə məhsulların bahalaşmasına gətirib çıxarır.
Vaqif BAYRAMOV
XQ


