Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif edib

post-img

İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forum təşkil olunub. 

XQ xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər.

Forumda “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası üzrə təltif olunub. “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bu cür mükafat və təltiflərin qeyd olunan məşğulluğa dəstək yönündə addımların daha da artırılmasına xidmət etdiyini və bu sahəyə verilən töhfənin bu cür yüksək dəyərləndirilməsinin qürur hissi yaşatdığını qeyd edib. 

“OBA” marketlər şəbəkəsi olaraq daima məşğulluğa dəstək, kadrların inkişafı, özəllikliklə də regionlarda bu sahədə yüksək irəliləyişin olması fəaliyyətimizin prioritet istiqamətlərindəndir. 2025-ci ildə “OBA” olaraq iki mindən çox insanın müxtəlif vəzifələr üzrə işlə təmin olunması və onların karyera inkişafına dəstək göstərilməsi şirkətimizin məşğulluğun artırılmasına və insan kapitalının inkişafına verdiyi töhfənin bariz nümunəsidir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən mağazalarımız və əməliyyat strukturlarımız vasitəsilə yüzlərlə gənc ilk iş təcrübəsini qazanmaq imkanı əldə edib, bir çox əməkdaş isə peşəkar bacarıqlarını inkişaf etdirərək daha yüksək vəzifələrə yüksəlmək şansı qazanıb.

“OBA” yalnız yeni iş yerləri yaratmaqla kifayətlənmir, eyni zamanda əməkdaşların davamlı inkişafını dəstəkləyən təlim proqramları, daxili karyera imkanları və motivasiyaedici iş mühiti formalaşdırır. Bu yanaşma sayəsində əməkdaşlarımızın potensialının üzə çıxarılması, onların uzunmüddətli karyera qurmasına şərait yaradılması və ümumilikdə ölkədə məşğulluğun inkişafına töhfə verilməsi əsas prioritetlərimizdən biri olaraq qalır.

Təltifnaməni “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və maliyyə naziri Samir Şərifov təqdim ediblər.

“OBA” marketlər şəbəkəsi ölkə üzrə geniş mağaza infrastrukturu ilə minlərlə insanın məşğulluq imkanlarının yaradılmasına və regionlarda iş yerlərinin artırılmasına davamlı töhfə verir. Şirkət fəaliyyətə başladığı gündən etibarən yerli məşğulluğun dəstəklənməsi, gənclərin iş həyatına cəlb olunması və sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət istiqamətini prioritet olaraq müəyyən edib.

Bu mükafat “OBA” marketlər şəbəkəsinin ölkə iqtisadiyyatına verdiyi töhfənin və məşğulluğun artırılması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. 

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi ötən il də məşğulluğun inkişafına verdiyi töhfəyə görə eyni mükafata layiq görülmüşdü.

Sosial həyat