Qax rayonunun İlisu kəndində turizm infrastrukturu yaradılacaq.
XQ xəbər verir ki, Dövlət Turizm Agentliyi bu istiqamətdə müvafiq tədbirlər görür.
Sözügedən işlər agentliyin “Turistik kənd” layihəsi çərçivəsində həyata keçiriləcək. Layihə çərçivəsində kənd ərazisində bir sıra söküntü, təmir, bərpa və abadlıq işləri icra olunacaq.
Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində turizm sahəsinə xüsusi diqqət ayrılır.
Xatırladaq ki, Dövlət Turizm Agentliyi tərəfindən Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib. Layihənin məqsədi turizm potensialı olan kəndləri daha abad və cəlbedici hala gətirmək və turistlər üçün əlçatan və maraqlı bir zonaya çevirməkdir. Bu, nəticə olaraq məşğulluq imkanlarının artmasına töhfə verməklə yanaşı həm də turizmin daha da inkişafına gətirib çıxarır.

