Xocalı soyqırımı–34
Azərbaycan xalqına qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII yüzilliyin 20-ci illərindən başlayır. Həmin dövrdən etibarən Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyə çalışan çar Rusiyası ermənilərdən bir vasitə kimi istifadə etmək üçün onlara Qafqazda erməni dövləti yaradacağı vədi verirdi. Həmçinin 1724-cü il noyabrın 10-da Pyotrun adından verilmiş fərmanda çar Rusiyasının zəbt etdiyi torpaqlarda, o cümlədən Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması nəzərdə tutulurdu.
Son 200 ildən artıq bir müddətdə Azərbaycan tarixində bir çox şanlı səhifələrlə yanaşı, faciə və soyqırımları, müsibətlərlə dolu səhifələr də yer alıb. Belə ki, xalqımız erməni millətçi- şovinistlərin etnik təmizləmə, soyqırım siyasətinə, dəhşətli vəhşiliklərə məruz qalıb, öz ata-baba torpaqlarından qovulub, qaçqın, məcburi köçkünə çevrilib. 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
1918-ci il mart soyqırımından (31 mart – 2 aprel və sonrakı aylarda) 74 il sonra Azərbaycan xalqına qarşı törədilən Xocalı faciəsi İkinci Dünya müharibəsində faşizmin dəhşətli qırğınlarından sonra müasir dövrdə Ermənistan hərbi qüvvələrinin erməni separatçı terrorçuları və Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə həyata keçirdikləri ən kütləvi, ən dəhşətli soyqırımıdır. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Nə üçün Xocalı əsas hədəf kimi seçilmişdi?
Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirdi. 7 mindən çox əhalisi olan Xocalı şəhəri Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran-Xankəndi, yollarının üstündə yerləşir. Həmçinin Qarabağdakı yeganə hava limanı da Xocalı şəhərindədir.
Xocalı soyqırımı 1988-ci ildən başlamış və Azərbaycanın tarixi torpağı olan Qarabağın Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dəhşətli, qanlı faciəsi idi.
Xocalı faciəsi planlaşdırılmış hadisə idi. 1991-ci il oktyabrın ortalarından şəhər blokadaya alınmış, avtomobil əlaqəsi kəsilmişdi. Yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və 40 nəfərin həlakından sonra isə Xocalı ilə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən elektrik verilişi dayanmışdı. Sanki şəhər Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalmışdı, lazımi və vaxtında kömək edilmirdi, yalnız yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçüləri tərəfindən müdafiə olunurdu. 1992-ci il fevralın 16-dan etibarən erməni silahlı dəstələri Xocalı mühasirəyə alaraq, müntəzəm şəkildə hər gün, müxtəlif saatlarda artilleriya və ağır texnikadan atəşə tuturdu.
Xocalıya hücum fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması və tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başladı. Həmin alayın tərkibində “Klukin erməni cəbhəsi” adlanan “rota” da yaradılmışdı. Onun özəyini xaricdəki erməni icmalarını təmsil edən quldur birləşmələri təşkil edirdi. Fevralın 17-də isə həmin rotaya qızlardan ibarət “Şuşanik” adlı erməni snayperçiləri dəstəsi də qoşulmuşdu. Xocalıya 3 istiqamətdən hücum təşkil edildiyindən şəhər əhalisi Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Bu isə düşmənin məkrli hiyləsi idi. Belə ki, Naxçıvanik kəndi yaxınlığında düşmən əhalinin qarşısını kəsmiş və vəhşicəsinə gülləbaran edilmişdi. Beləliklə, Erməni silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərək etnik azərbaycanlılara qarşı soyqırımı törədildi, dinc əhaliyə vəhşicəsinə divan tutuldu. Sağ qalan mülki əhali deportasiya olundu və əksəriyyəti Xankəndi şəhərində saxlanıldı.
Şəhər sakinlərinə qarşı vəhşilik, zorakılıq edilmiş, qanunsuz olaraq onların əmlakını Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan ermənilər mənimsəmişdilər.
Erməni silahlı qüvvələri və 366-cı motoatıcı alay tərəfindən şəhər dağıdılmış, yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Dəhşətli qırğın nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan 63 nəfəri uşaq, 106 nəfər qadın, 70 nəfəri qocadır. Həmçinin 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərini, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.
Qəhrəman ordumuz tərəfindən azad edildikdən sonra şəhərin mərkəzində aşkar olunan kütləvi insan qalıqları erməni vandalizmini, vəhşiliklərini açıq-aydın göstərir.
Faciə haqqında həqiqətlərin dünyaya çatdırılması və xalqımıza qarşı soyqırımı kimi tanınması üçün ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə gəlməsindən sonra qətiyyətli addım atıldı, ilk dəfə hüquqi-siyasi qiymət verildi. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayıb, beynəlxalq ictimaiyyəti erməni terrorizminə, qarşı təsirli tədbirlər görməyə çağırdı. Hazırda artıq dünyanın mütərəqqi dövlətlərində erməni millətçilərinin törətdikləri vəhşiliklər, soyqırımı aktı kimi tanınır.
Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərpa olunmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulur ki, soyqırımı hər hansı milli,etnik,irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərərvurma və ya onların əqli qabiliyyətlərinə ciddi zərərvurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları başqa qrupa keçirmədə ifadə olunan sülh və bəşəriyyət əleyhinə olan cinayətlərin bir növüdür.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası soyqırımının təkcə xalqımıza deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirilir. Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı, xüsusilə 44 günlük Vətən müharibəsində, böyük Qələbədən sonra getdikcə artır. Türkiyə, Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya, Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya, Şotlandiya və ABŞ-ın 27 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.
20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. Artıq təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir.
Bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırımı və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur. Xocalı onların ən dəhşətlisidir. Xocalı soyqırımı təşkilatçıları və icraçıları bəşəriyyətə qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanun əsasında mühakimə olunmalıdırlar. Ümummilli lider Heydər Əliyev bu faciəni belə qiymətləndirmişdir: “...Bu qəddar soyqırımı aktı bəşəriyyət tarixinə ən qorxulu kütləvi terror aktı kimi daxil olub”. Prezident İlham Əliyev demişdir: “Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu 200 ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi”. Azərbaycan xalqı 1918-ci ilin mart-aprel aylarında dinc əhalinin qanlı soyqırımı hadisələrini heç vaxt unutmayacaq.
Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17:00 da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusunun canı-qanı bahasına Ermənistanın işğalçı ordusu məhv edildi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu.
Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə böyük miqyaslı quruculuq işləri gedir.
İbrahim ZEYNALOV,
Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı, professor

