BP-nin azərbaycanlı əməkdaşı Britaniya İmperiyası Ordeninin fəxri tituluna layiq görülüb

post-img

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz tərəfindən Birləşmiş Krallığın Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülüb.

XQ xəbər verir ki, OBE fəxri adı Birləşmiş Krallıq daxilində və eləcə də beynəlxalq səviyyədə çox mühüm töhfələr vermiş şəxslərə təqdim edilən Birləşmiş Krallığın Britaniya İmperiyası Ordeninin ən yüksək beş titulundan biridir.

OBE fəxri titulu B.Aslanbəyliyə Əlahəzrət Kral III Çarlz tərəfindən Böyük Britaniya-Azərbaycan münasibətlərinə verdiyi əhəmiyyətli töhfələrə görə verilib. O, bu nüfuzlu Britaniya dövlət fəxri tituluna layiq görülmüş ilk Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, Bəxtiyar Aslanbəyli 7 avqust 1976-cı ildə Bakı şəhərində anadan olub.

1993-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbi bitirib. 1997 və 1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəkxalq hüquq fakültəsinin bakalavr və magistr pilləsini bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildə “Pricewaterhouse Coopers” şirkətində başlayıb. 2002-ci ildən bp şirkətində çalışır. 2015-ci ildən bp-nin regional vitse prezidentidir. Pedaqoji fəaliyyətə 1997-ci ildən başlayıb. Hal hazırda Bakı Dövlət Universteti, ADA universiteti və Bakı Ali Neft Məktəbində mühazirələrə davam edir. Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür. Hüquq üzrə fəlsəfə doktorudur.

Anar TURAN 

Sosial həyat