Paytaxtın məşhur “əntiq mallar” bazarından reportaj
Yaxın günlərin söhbətidir. İki qonşumun sakitcə söhbətinə qulaq asıram. Onlardan biri gündəlik məişətdə işlətdiyi hansısa əşyanın ehtiyat hissəsinin tapılmamasından söz açaraq çarəsiz qaldığını bildirirdi. O biri isə təkidlə deyirdi: “Sabunçudakı “bit” bazarına get, axtardığını oradan tapa bilərsən”.
Söhbət Sabunçu rayonu ərazisində yerləşən bazardan gedir. Ucuzluğu ilə seçilən bu bazar el arasında uzun illərdir ki, “rus” bazarı, bəzən də “bit” bazarı adı ilə məşhurlaşıb. Maraqlıdır ki, bu ad haradan yaranıb? Sovet dönəmində ruslar köhnə, işlənmiş əşyaları, geyimləri bura gətirərək satışını təşkil ediblər. Köhnə mallar satıldığı üçün bura “bit” bazarı adı verilib.
Məlumatlara görə, dünyada “bit” bazarının ən böyüyü Fransada yerləşir. Parisin şimal ətraflarında Seine-Saint-Denis bölgəsindəki Saint-Ouendəki “Marche aux puces” ilk “bit” bazarlarından biridir. Yaponiyanın paytaxtı Tokioda yerləşən “Togo Shrine” bazarı isə olduqca məşhurdur. Rusiyada da bu cür bazarların sayı çoxdur. Belə ki, Sankt-Peterburqda “Udelnaya” dəmiryolu platforması və eyniadlı metro stansiyasının yaxınlığındakı bazar məşhurluğuna, eləcə də çoxdan fəaliyyət göstərdiyinə görə, onların arasında ilk yeri tutur. Türkiyənin böyük şəhərlərinin çoxunda da “bit” bazarlarına rast gəlinir. İstanbulda Horhor Antikaçılar Çarşısı, Dolapdere, Feriköy, Kadıköy, Ankarada Ulus İtfaiye Meydanı “bit” bazarı, İzmirdə isə Yeni Bornova bazarı bu qəbildəndir.
Nəhayət, sözügedən bazara üz tuturuq. Sübh tezdən olmasına baxmayaraq, bazarda iynə atsan, yerə düşməz. Bazara girən kimi insanı başqa bir aləm qarşılayır. İnsanların gəlişləri ilə bazar sanki oyanır, səslər bir-birinə qarışır, addımlar sürətlənir. Burada həyat daha səsli, daha canlıdır. Satıcıların mehriban çağırışları, alıcıların ehtiyatlı sualları, qab-qacağın cingiltiləri çox keçmir ki, ətrafa yayılır. Kimisi tələsir, kimisi gülümsəyərək qiymət endirir, kimisi də, sadəcə dayanıb ətrafa boylanmaqla bazarın axınına qoşulur. Burada nələr satılmır?
Bazarda hər təbəqədən olan insanlarla qarşılaşırsan. Bazar özünəməxsus səs-küyü, yerə səliqə ilə düzülmüş antikvar qabların üzərinə düşən günəşin rəngləri ilə daha da canlanır. Satıcıların ucadan çağırışları, alıcıların qiymət söhbətləri, ev quşlarının nəğmələri bazarda xüsusi bir ahəng yaradır.
Satıcıların əksəriyyəti yaşlı insanlardır. Şirin, duzlu-məzəli zarafatları, zümzümə etdikləri mahnıları ilə bazarın uzun illərdir ki, “sakin”ləri olmalarından xəbər verir.
Burada hər kəsin bir həyat hekayəsi var. “Bazar varsa, həyat var, həyat varsa, ümid var” – söyləyən Səftər dayı üzünü alıcılara tutaraq satdığı antikvar əşyaları dəyər-dəyməzə verdiyini, vaxt gələcək əlbəəl axtarılacağını uca səslə bildirir. Söhbətcil insan olduğundan üz tutduğumuz ilk ünvan da elə Səftər dayı olur. Əslən bakılıdır, 85 yaşı var. Dost-tanışdan aldığı, elə özünün vaxtilə istirahət üçün üz tutduğu xarici ölkələrdən gətirdiyi antik əşyaların satışı ilə məşğuldur. Qazancından və aldığı təqaüddən narazı deyil. Uzun illər zərgərliklə məşğul olduğundan antik malları ayırd etməkdə çətinlik çəkmir. Bazarı qazanc mənbəyi bilir. Alıcılardan da razılıq edir. Elə müştəriləri var ki, hər həftə müxtəlif antik əşyalar sifariş edir. Əlaqələri geniş olduğu üçün dərhal sifarişi yerinə yetirir.
15 ildən çoxdur ki, alver etdiyini deyən Adil adlı satıcı söyləyir: “Burada istənilən bir əşyanı tapmaq mümkündür. Satılan malların çoxu köhnə olsa da, xeyli imkanlı müştərilərimiz var. Bir də görürsən elə bir qiymətli əşyanın bir hissəsi sıradan çıxıb ki, haradansa tapa bilmir, bura üz tutur”.
Bazarda təzə əşyalara da rast gəlirik. Qiyməti elə də ucuz deyil. Satıcılar bunun səbəbini belə izah edirlər ki, istehsal tarixi 40 ilə yaxın olduğundan indiki mallardan daha keyfiyyətlidir. Nə vaxtsa alınıb, bir dəfə də olsun istifadə edilməyib. Ona görə də bu cür məhsullara tələbat var.
Qədimi samovarların satışı ilə yanaşı tozun, pasın arasında parlayan metal fiqurlar, köhnə gümüşü rəngli şamdanlar insanda istər-istəməz nostalji hisslər yaradır. Fiqurları, mis qabları gördükcə keçmiş illər gözümün önündə canlanır.
Özünü Arif Məmmədov kimi təqdim edən satıcının satdığı samovar olduqca əla vəziyyətdədir. Alıcı təsiri bağışlamasam da, Arifi söhbətə çəkirəm.
Arif bazara nadir hallarda belə antik məhsul çıxarıldığını söyləyərək samovarın son qiymətini bildirir: 280 manat!
- Niyə bu qədər baha satırsan?
Arif yarıciddi, yarızarafatla deyir:
- “Bit” bazarı deyib ötməyin. Yaxşı malın yaxşı da qiyməti olur. İndi qış ayıdır, yaya doğru daha baha qiymətə təklif edəcəyik. Çünki tələbat var. Hər bazar ən azı 3-4 samovar satıram. Bu da mənim dolanışığıma kömək edir. Həm Bakı kəndlərindən, həm də rayonlardan işlənmişini alır, saz vəziyyətə gətirirəm. Özüm gəzib–dolanaraq antikvar məhsulları əldə edirəm. Çünki bazarda kimdənsə hər hansı bir məhsulu alsam, o, oğurluq da ola bilər. Bir neçə il öncə qarşılaşdığım bir hadisəni heç cür unuda bilmirəm. Orta yaşlı biri yaxınlaşaraq ehtiyac üzündən samovar satdığını bildirdi. Zənn etdim ki, bu bir həqiqət olar. Ancaq... Üstündən bir neçə saat keçməmiş bir yoldaş israrla samovarın ona məxsus olduğunu və bağ evindən oğurlandığını bildirdi. Hərdən oğurlanan avadanlıqları burada axtarırlar.
Daha sonra yolumu quşların civiltisi eşidilən istiqamətə salıram. Quşların bir-birinə səsli harayı ilə bir anlıq özümü təbiət qoynunda hiss edirəm. Burada hər növ quş və ev heyvanların satışı təşkil olunub: hind toyuqları, tutuquşular, bülbüllər, toyuqlar, ördəklər, qazlar, dovşanlar və göyərçinlər. Satılan ev quşlarının qiymətləri də özləri kimi bir-birindən fərqlidir. Təki alanın əli cibində olsun. Qəfəsdə cəh-cəh vuran bülbüllər, rəngbərəng tutuquşular isə 35-45 manata təklif olunur. Göyərçinlərin qiyməti heç də ucuz deyil. 12 manatdan başlayan qiymətlər 80 manata qədər yüksəlir. Gəzdiyim üç saat ərzində sanki bazarın ən xoş, ən canlı yeri bura idi.
Saatın əqrəbi günortaya doğru hərəkət etdikcə, satıcılar asta-asta bazarı tərk etmək üçün yır–yığış edirlər. Kimisi əldə etdiyi qazancını hesablayır, kimisi də satılmayan əşyaları yenidən torbalara yığaraq növbəti həftəyə hazırlayırdı.
Müşfiq MİRZƏ
XQ

