Milli dövlətçilik tariximizin tədqiqinə dəyərli töhfə

post-img

Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu konsepsiyası, çağdaş inkişafımızın əsasını təşkil edən ideya və əməlləri xalqımızın tükənməz quruculuq qaynağı, Azərbaycanın gələcək yolunu nurlandıran mənəvi günəşdir. Ulu öndərin müəyyən etdiyi milli inkişaf strategiyasını ardıcıl və yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin möhtəşəm liderliyi dövlət müstəqilliyimizin əbədiliyini və dönməzlıyini təmin etmiş, ölkəmizi şağdaş tərəqqinin ön sırasına çıxarmışdır.

Müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyevin fenomenal liderliyi, ölkəmizdə və dünyada önəmli yeniliklərlə müşayiət olunan genişmiqyaslı fəaliyyəti onu dünya miqyaslı siyasətçi və dövlət xadimi kimi tanıtmışdır. Fəaliyyəti bütün liderlər üçün örnəkdir. Müasir dövrdə Prezident İlham Əliyev kimi xalqı tərəfindən sevilən ikinci bir lideri tapmaq çətindir, bu xoşbəxtlik yalnız işıqlı gələcək yolunda əzəmətlə addımlayan xalqımıza nəsib olub.

Bütün bunlar 2025-ci ildə “Konstitusiya və suverenlik ili” çərçivəsində nəşr olunmuş “Konstitusiya, suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” monoqrafiyasında geniş elmi-siyasi əksini tapmışdır. Bu fundamental nəşrin müəllifi Naxçıvan MR Ali Məclisin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayev, məsləhətçisi Muxtar Respublikada Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovdur.

Monoqrafiyada ulu öndər Heydər Əliyevin zəngin ideya irsi, dövlət başçısı İlham Əliyevin milli dövlət quruculuğu sahəsində atdığı addımlar, onun rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizin tarixi nailiyyətləri dərin və əhatəli tədqiqata cəlb edilmiş, tarixi qiymətini almışdır. Əsər ön söz, giriş, 3 fəsil və nəticədən ibarətdir. Müəllif konstitusiya təməllərinə əsaslanan suverenlik kursunun düzgün taktiki yanaşmalar və doğru strateji hədəflərə çatmaq baxımından ölkəmizə tarixi nailiyyətlər qazandırdığını konkret fakt və sübutlarla elmi dövriyyəyə gətirmişdir.

“Azərbaycan Konstitusiyası: tarixi irsin, yeni çağırışların, strateji hədəflərin hüquqi tənzimlənməsi” adlanan birinci fəsildə milli dövlətçiliyin bərpa edilməsində ulu öndər Heydər Əliyevin təşəbbüsləri ilə Naxçıvanda atılmış tarixi addımlar, müstəqilliyin ilk addımında Ümummilli liderin gerçəkləşdirdiyi xilaskarlıq missiyası, əsaslı islahatlar yolu ilə cəmiyyətin demokratikləşdirilməsi kimi mövzular yer almış, sistemli şərh edilmişdir.

“Suverenlik: Azərbaycanın bütövlük təsdiqi” adlanan ikinci fəsildə müstəqil dövlətimizin müasir beynəlxalq münasibətlər sistemində tutduğu layiqli mövqe, ölkəmizdə dayanıqlı inkişaf mühitinin formalaşdırılması, Cənubi Qafqazda yeni strateji çağırışlar və Azərbaycanın regional liderliyi, Prezident İlham Əliyevin dünya siyasətində nüfuzlu mövqeyi və təşəbbüskar faəliyyəti faktik materiallarla diqqətə çatdırılmışdır.

“Yeni siyasi konfiqurasiya: dayanıqlı inkişafın və milli birliyin etibarlı təməli” adlanan üçüncü fəsildə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi varisi Prezident, Ali Baş Komandan İlham Əliyevin demokratikləşmə və hərtərəfli yeniləşmə siyasəti çərçivəsində son illərdə yeni mərhələyə qədəm qoyan siyasi konfiqurasiya prosesi geniş araşdırılmışdır.

Kitabın nəticə hissəsində müəllif tədqiqatının yekunu kimi elmi qənaətlərini sistemləşdirərək bildirmişdir ki, konstitusiya dövlətin siyasi-hüquqi sisteminin əsasını təşkil edir və hüquqi dövlət quruculuğunun başlıca normativ bazasıdır.

Müəllif cəmiyyətdə hökm sürən 5 illik Zəfər təntənəsinin davamlılığını ümumiləşdirərək qeyd etmişdir ki, Prezident İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan torpaqları 30 illik işğaldan azad edilmişdir. Müstəqil dövlətin çağdaş siyasi tarixinə yeni missiya ilə daxil olmuş Azərbaycan lideri ölkənin bugünkü və gələcək siyasi və iqtisadi inkişafının təminatçısıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi sosial, humanitar və mədəni layihələr isə suverenliyin sosial legitimliyini və dövlət-vətəndaş etimadını daha da möhkəmləndirir.

Müəllifin elmi-siyasi qənaətinə görə, yeni siyasi konfiqurasiya quruculuğu və təkmilləşməsi prosesi artıq dövlətimizin strateji inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edilir. Siyasi konfiqurasiyanın hədəfləri dövrün yeni qlobal çağırışlarını ehtiva etməklə yanaşı, ənənələr və novatorluq kontekstində də birləşdirici mərama çevrilib.

Monoqrafiyada öz əksini tapan bütün bu nəticələr müəllifin dövrün ictimai-siyasi hadisələrinə münasibətdə dərin müşahidə qabiliyyətinin məhsuldur. Əsər tarixi hadisələrin təhlili, dəyərləndiriməsi və xronoloji ardıcıllığı baxımından milli dövlətçilik tariximizin tədqiqinə dəyərli töhfədir.

Xumar MƏMMƏDOVA,
Naxçıvan MR Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Sosial həyat