Orfoqrafiya yazı mədəniyyətinin mühüm sistemidir

post-img

I Türkoloji Qurultayda müzakirə olunan əsas mövzulardan biri “Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti” məsələsi olmuşdur. Orfoqrafiya yalnız texniki yazı qaydalarının cəmi deyil, dilin ictimai həyatdakı funksionallığını, yazı mədəniyyətinin ötürülməsini təmin edən mühüm sistemdir. Yazı normalarının elmi əsaslarla müəyyən edilməsi bir tərəfdən, dilin fonetik və morfoloji quruluşunun qorunmasına xidmət edir, digər tərəfdən, cəmiyyətdə vahid anlaşma mühiti formalaşdırır.

Qurultay iştirakçıları orfoqrafiyanın tarixi inkişafını, müxtəlif türk dillərində formalaşmış yazı ənənələrini və onların praktik tətbiqində meydana çıxan problemləri nəzərdən keçirərək elmi prinsiplərə əsaslanan vahid orfoqrafik sistemin zəruriliyini qeyd etmişlər. Bu yanaşma, xüsusilə savadlanma səviyyəsinin yüksəldilməsi, ədəbi dilin normativ sabitliyinin qorunması və tədris metodunun səmərələşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Lev Vladimiroviç Şerba (1880–1944) orfoqrafiyada ümumi və keçərli qaydalar vermək mümkün olmadığından ən düzgün yolu fonetik və etimoloji prinsipləri birləşdirməkdə görür. Fonetik prinsipdən imtina etmək olmasa da, həddindən artıq aludə olmamağa çağırır. Etimoloji prinsip isə bu işi mənalandırır, düşüncəni oyadır və maraq yaradır.

O, belə bir mövqeni önə çəkir ki, düzgün yazmaq zəruridir. Bu, tamamilə sosial baxımdan vacibdir, çünki savadsız yazını oxumaq çətindir: mətn anlaşılmır, qaydasız yazılmış mətni oxumaq əsl əzabdır. Onun fikrincə, ən ağrılı məsələ türk dilinə çox böyük miqdarda daxil olmuş ərəb mənşəli sözlərin orfoqrafiyasıdır. Səs ahəngi sayəsində müntəzəm və düzgün türk orfoqrafiyasını qurmaq son dərəcə asan olardı. Əlifbada kifayət qədər işarənin olması bu məsələni ardıcıl və tam şəkildə həll etməyə imkan verərdi. Lakin alınma sözlər türk dillərində saitlərin ahəng qanununa tabe olmaya bilər və çox vaxt da olmur. Müxtəlif türk dilləri bu baxımdan fərqlidir. Bəzi dillər, sözləri aldıqları dilə daha yaxın olanlar həmin sözləri öz qaydalarına uyğunlaşdırırlar. Burada iki sosial əsas fərqləndirilməlidir:

1) bu sözləri xalq dili necə qəbul edir və dəyişdirir;

2) ədəbi dilə necə təsir edir.

Bunun səbəbi ondadır ki, türk ədəbiyyatları tarixən xalq dilinə əsaslanmamış və geniş xalq kütləsinə deyil, yuxarı təbəqələrə, aristokratiyaya ünvanlanmışdır. Nəticədə fars və ərəb dillərindən alınmaların bütöv bir sistemi formalaşmışdır. Bu tarixi səbəbdən ərəb və fars mənşəli sözlər tələffüz edildiyi kimi deyil, başqa cür yazılır. Türk orfoqrafiyasının islahatı zamanı bu prinsipi saxlamaq lazımdırmı, yoxsa ondan imtina etməyin vaxtı çatıb və bu, ümumiyyətlə, mümkün olacaqmı? O, hər halda, bu sözlərin fonetik yazılışına keçməsinin tərəfdarıdır, türk xalqları arasında belə bir prinsip kimi ən çox fonetik yazı sistemi çıxış edə bilər; türk dillərində orfoqrafiyanın olmamağının artıq dözülməz həddə çatdığını bildirir.

Məsələn, rus mənşəli alınma sözlər belə, dörd cür yazılır: torq, tork (yumşaq və sərt – “k” və “q” ilə) və sair. Orfoqrafiyadakı bu qeyri-sabitlik “Yeni yol” qəzetinə də sirayət etmişdir və əsas problem məhz orfoqrafiyanın yetərincə işlənməməyidir. Türk xalqına eyni vaxtda həm türk orfoqrafiyasını, həm də bunun daxilində ərəb yazısının başqa bir prinsipini öyrətmək düzgün olmazdı. Bu, işin ağırlığını ziyalıların çiyinlərindən götürüb xalqın çiyinlərinə qoymaq deməkdir.

Şerba məruzəsini üç hissəyə bölür. Birincisi, XIX əsrin ikinci yarısına qədər mövcud olmuş köhnə orfoqrafiya sistemlərinin tənqidi təhlilini əhatə edir; burada uyğur, Orxon və qədim ərəb orfoqrafiyası təhlil olunur. İkinci hissə ərəb qrafikasının islahına və türk xalqlarının orfoqrafiyasının dəqiqləşdirilməsinə həsr edilir, burada Osmanlı-türk, başqırd, özbək, Krım və s. hərəkatlardan bəhs olunur. Bu hərəkatların əsas məqsədi ondan ibarət idi ki, bu və ya digər şivədə neçə sait səsin və onların hansı hərflərlə ifadə edilməli olduğu aydınlaşdırılsın. Çünki ərəb orfoqrafiyasında 10 saitdən yalnız 3-ü göstərilir.

Daha sonra belə bir sual ortaya çıxır: geniş şəkildə işlədilən ərəb mənşəli sözlərlə necə davranmaq lazımdır? Çünki bu sözlər tatar, özbək, qazax orfoqrafiyasına uyğun deyil, sırf ərəb qaydaları ilə yazılır və nəticədə bir dildə üç orfoqrafiya yaranır: türk, ərəb, bəzən isə fars. Bu hərəkat, eyni zamanda, istisnaların ləğvinə də yönəlmişdi. Məruzənin üçüncü hissəsində mövcud qarışıqlığı və fikir ayrılığını müəyyən dərəcədə yüngülləşdirə, hətta aradan qaldıra biləcək konkret təkliflər yer alır. Türk orfoqrafiyasının dəqiqləşdirilməsi üçün türk dillərinin aşağıdakı xüsusiyyətlərini nəzərə almaq təklif olunur:

• Ahəng qanunu. Türk dillərindəki bütün sözlər ya qalın, ya da incə olur və bütün şəkilçilər bu qanuna tabedir. Orfoqrafiya qurularkən bu xüsusiyyət mütləq nəzərə alınmalıdır.

• Aqlütinasiya. Türk dillərində kök və şəkilçi bütün hallarda dəyişməzdir, bütün hal şəkilçiləri hər yerdə (isimlərdə və sifətlərdə) eyni olur. Bu xüsusiyyət bütün türk dilləri üçün xarakterikdir və mütləq nəzərə alınmalıdır.

• Morfoloji amil. Türk ədəbi dillərində çoxlu şivə mövcuddur, məsələn, Kazan tatarlarında 6–7 şivə var: mişar, Kazan və Qasım tatarı və s. Bunların fonetik tərkibi çox müxtəlifdir. Əgər yalnız fonetika əsas götürülsə, onda bir şivə norma kimi qəbul edilməlidir, qalanları üçün isə bu, eybəcər bir forma olacaqdır. Buna görə də mən morfoloji prinsipi təklif edirəm.

• Ədəbi dillərin orfoqrafiyasını ayrı-ayrı şivələrə tabe etdirmək cəhdlərinə qarşı mübarizə aparılmalıdır.

• Türk ədəbi dillərinin inkişafını asanlaşdırmaq: bunun üçün yeni sözlər və yeni hərflər təklif olunduğu bütün hallarda türk ədəbi dilləri bu məsələləri bir-biri ilə razılaşdırsınlar.

O təklif edir ki, orfoqrafiya hazırlanarkən iki kateqoriya əsas götürülsün: hər bir dilin özünəməxsus xüsusiyyətləri və bütün türk şivələrinə xas olan ümumi əlamətlər.

Şakircan Rəhimi (1893–1938). Türk dillərində, xüsusilə özbək dilində ahəng qanunu mövcuddur. Şəhər əhalisi arasında tacik təsirinin artması nəticəsində bu qanun pozulur, lakin kənd əhalisinin dilində qorunub saxlanılır. Sait səslərin ifadəsi üçün işarələrin azlığı bəzi xalqlarda və tayfalarda sait səslərin sayının 6–8, hətta 13-ə qədər hesablanmasına gətirib çıxarır. Halbuki, Özbəkistan sait səslərin sayını cəmi 6 müəyyən etmişdi. Amma real həyatda saitlərin daha çox olduğunu görürük və onların ifadəsi üçün hərflər yetərli deyil. Bu, özbək əlifbasının əsas çatışmazlıqlarından biridir; özbək yazısında səsləri ifadə etmək üçün 23 işarə mövcuddur, sonradan isə daha 3-ü əlavə edilmişdir. Ərəb dilində işlədilən “həmzə” işarəsi tatar yazısında qismən atılmışdır, buna baxmayaraq, bu günə qədər onların yazısına xələl gətirir, şübhəsiz ki, bu işarə gələcəkdə tamamilə aradan qaldırılacaq. Orfoqrafiya islahatı əlifba məsələsi ilə sıx şəkildə bağlıdır, buna görə də orfoqrafiya ikinci bir məsələ ilə – əlifba ilə birlikdə həll edilməlidir.

* * *

Ş.Rəhiminin fikrinə görə, Şerbanın məruzəsində ümumi ardıcıllıq belə qurulub: problemin tarixi və nəzəri qoyuluşu, sosial çətinliklərin diaqnozu, fonetik və etimoloji prinsipin balanslı izahı, morfoloji cəhətdən elmi əsaslandırılması, ərəb və fars alınmalarının yaratdığı sistem pozuntuları, dialekt və ədəbi dil münasibəti, türk dilləri üzrə koordinasiya təklifi, əlifba və orfoqrafiyanın vəhdəti. O, məsələyə yüksək konseptual səviyyədə yanaşır. Tarixi-linqvistik baxışı morfo-fonoloji analiz və sosial-linqvistik şərh ilə birləşdirərək normativ nəticələr göstərir.

Onun orfoqrafiya ilə bağlı tutduğu mövqe üç əsas meyar üzrə sabitləşmişdir:

1) fonetik və etimoloji prinsiplərin kombinasiyası vacibdir;

2) ərəb və fars mənşəli sözlərin orfoqrafiyası türk dillərində ciddi problem yaradır;

3) türk dillərində vahid və sabit orfoqrafiyanın olmaması sosial problem səviyyəsinə çatıb.

Bu fikirlər aydın ifadə olunub və elmi kontekstdə məntiqli şəkildə izah edilir. Şerbanın prinsiplərə dair ümumi mövqeyi belədir: fonetik prinsip lazımdır, amma ifrata varmaq olmaz, etimoloji prinsip yazıya məna verir, yəni orfoqrafiya yalnız texniki qayda yox, düşüncə formasıdır, sosial zərurət arqumentidir: “Savadsız yazını oxumaq çətindir, qaydasız yazılmış mətni oxumaq əsl əzabdır”. O, orfoqrafiyanı ictimai funksiya kimi təqdim edir.

Ərəb və fars mənşəli sözlərin probleminə gəldikdə, sosio-linqvistik izah budur: türk dillərində sait ahəngi olsa da, bu sözlər ümumi sistemi pozur, xalq dili ilə ədəbi dil arasında fərq yaranır, tarixi olaraq ədəbiyyat aristokratiyaya ünvanlandığı üçün bu fərq dərinləşib. O təklif edir ki, ərəb və fars alınmaları fonetik yazıya keçirilsin. Əks halda, bir söz bir neçə variantda yazılacaq, xalq üçün çətinlik yaranacaq. Yəni türk dillərində orfoqrafiyanın əsas problemi ərəb və fars alınmalarının fonetik sistemə inteqrasiya olunmamağıdır və bunun həlli üçün fonetik prinsip üstün tutulmalıdır. Şerbanın çıxışı üç hissədən ibarətdir; oxucuya yol xəritəsi və konkret təkliflər verilir, bunlar müəyyən ardıcıllıqla təqdim edilir. Orfoqrafiya yalnız texniki məsələ kimi yox, həm sosial, həm tarixi, həm də morfo-fonoloji kontekstdə qiymətləndirilir. Təməl ideyası belədir: fonetik və etimoloji prinsiplər birləşdirilməli, lakin türk dillərinin morfoloji və struktur xüsusiyyətləri də nəzərə alınmalıdır. Bu yalnız səs quruluşuna deyil, dil sisteminin daxili mexanizminə əsaslanmalıdır.

Daha sonra orfoqrafiyanın necə qurulmalı olduğunu maddələr üzrə sistemləşdirir. Qeyd edir ki, türk dillərində sözlər ya tam qalın, ya da tam incə olur, şəkilçilər bu qanuna tabe olur. Bu meyar orfoqrafiyanın təməl qanunudur, çünki ahəng qanunu türk dillərinin identikliyini qoruyan əsas mexanizmdir. O vurğulayır ki, şəkilçilər dəyişməzdir, forma bütövlüyü qorunur – bu, bütün türk dillərinə xasdır, morfoloji prinsipin elmi əsaslandırılmasıdır: sözlərin morfoloji quruluşu yazıda açıq görünməlidir. Bir incə məqamı da qeyd edir: dialektlər arasında ciddi fonetik fərqlər var, əgər yalnız fonetik prinsip əsas götürülsə, bir dialekt normaya çevriləcək, digərləri “normadan kənar” qalacaq. Bu isə sosial gərginlik yaradar. Ona görə Şerba morfologiyanı əsas götürməyi daha ədalətli hesab edir. Bu, müasir dilçilikdə də qəbul edilən bir yanaşmadır. Türk dillərində rasional orfoqrafiya yalnız fonetik prinsipin kor-koranə tətbiqi ilə deyil, morfoloji sabitlik, sait ahəngi və sosial-linqvistik reallıqlar nəzərə alınmaqla, xüsusən də ərəb-fars alınmalarının fonetik sistemə uyğunlaşdırılması yolu ilə mümkündür.

Məruzəçi ədəbi dil və şivə münasibətinin sərhədlərini müəyyənləşdirir, onun fikrincə, ədəbi dil müstəqil normativ sistem olmalıdır, yazı şivələrə tabe edilməməlidir. Bu, milli ədəbi dilin sabitliyini qoruyan prinsipdir. Türk dillərinin terminoloji və qrafik əməkdaşlığı çox uzaqgörən ideyadır, vahid türk ortaq dil siyasəti ideyasının erkən formasıdır: yeni sözlər və hərflər yaradılarkən türk dilləri ümumi razılaşmaya əsasən, qəbul edilməlidir.

Rahiminin gətirdiyi nümunələr: ahəng qanununun şəhər mühitində pozulması, kənd dilində qorunması, saitlərin sayının qeyri-sabit olması, əlifbadakı işarə çatışmazlığı – Şerbanın arqumentlərini empirik faktlarla gücləndirir. Xüsusilə, dəyərli məqama diqqət edək: səslər realda mövcud olsa da, əlifba onları ifadə edə bilmir. Bu onu göstərir ki, orfoqrafiya islahatı yalnız əlifba islahatı ilə vəhdətdə mümkündür.

F.Ağazadə məruzəsinin tezislərində bildirir:

• Türk dilində işlədilən bütün sözlər, o cümlədən ərəb mənşəli sözlər istisnasız olaraq vahid bir orfoqrafiyaya malik olmalıdır.

• Mədəni dillərdə qəbul olunmuş orfoqrafiya prinsipləri içərisində türk dili üçün ən münasib olanı fonetik prinsipdir.

• Fonetik yazı tələffüzə əsaslanır, buna görə də canlı türk dilləri üzərində aparılan müşahidələr əsasında dilin səs tərkibi, həm əsas, həm də törəmə sözlərdə heca növləri, sait və samitlərin iştirakı, sait ahənginin rolu və nəhayət, sözlərin əvvəlində, ortasında və sonunda saitlərlə samitlərin birləşmə xüsusiyyətləri müəyyən edilməlidir.

• Bundan sonra bütün ərəb mənşəli sözlər ərəb dilinin fonetikası və yazısına xas xüsusiyyətlərini itirir və türk fonetikasının əsas tələblərinə tabe olur.

• Türk-tatar dünyasında mövcud olan üç əlifbadan: köhnə ərəb əlifbası dəyişdirilməmiş halda türk dilinin fonetik yazı tələblərinə cavab vermir; islah edilmiş ərəb əlifbası bu tələbləri yalnız qismən ödəyir; Azərbaycanda qəbul edilmiş yeni əlifba isə fonetik yazının bütün tələblərinə istisnasız cavab verir.

• Yeni əlifbanın orfoqrafiya məsələlərində mühüm rol oynayan bir sıra üstünlükləri vardır. Bunlara aşağıdakılar daxildir: a) xüsusi və coğrafi adların böyük hərflə yazılması; b) bütün hərflərin bir-biri ilə birləşməsi, bu isə həm sadə, həm də mürəkkəb sözlərin qruplaşdırılması üçün zəruridir; c) sözlərin sətirdən-sətrə keçirilməsi zamanı düzgün hecalara bölünməsi; ç) uşaqlar üçün hazırlanmış əlifbalarda saitlər üzərində vurğu işarəsinin qoyulması, bu da uşaqların həm düzgün oxumasına, həm də düzgün yazmasına kömək edir.

• Yeni türk əlifbası əsasında fonetik orfoqrafiyanın qurulması üçün zəruri olan şərtlər məruzədə sadalanmışdır.

• Türk ədəbiyyatına daxil olmağa başlayan Avropa mənşəli sözlər türk dilinin fonetik qanunlarına tabe edilməlidir.

• Türk dilində rasional fonetik orfoqrafiyanın yaradılması üçün türk-tatar vilayətlərinə aid qrup lüğətləri tərtib edilməlidir. Bu lüğətlər birləşdirildikdə bütün türk-tatar şivələrinin həm leksikonunu, həm də fonetik orfoqrafiyasını əks etdirən ümumi bir lüğət meydana çıxacaqdır.

* * *

Məruzə tarixi linqvistika baxımından dərin analitik struktura əsaslanır və məzmun-fikir ardıcıllığı ilə digər məruzələrdən seçilir. F.Ağazadənin məruzəsi mahiyyət etibarilə dilin daxili sistemində bütövlüyün qorunmasına yönəlib. Yəni eyni dildə paralel orfoqrafiyaların mövcudluğu aradan qaldırılmalı, alınma sözlərə isə dilin daxili elementləri kimi yanaşılmalıdır. Əslində bu yanaşma Şerbanın fonetikləşdirmə mövqeyi ilə üst-üstə düşür. Açıq şəkildə qeyd olunur ki, türk dili üçün ən uyğun orfoqrafik model fonetik yazıdır. Fonetik yazının seçilməsi həm xalqın savadlanma hərəkatı, həm də sosial ədalət baxımından əsaslandırılır: türk dili səs quruluşu baxımından sistemlidir, ahəng qanunu fonetik prinsipi dəstəkləyir, fonetik yazı isə savadlanmanı xeyli asanlaşdırır.

Fonetik sistemi öyrənmədən fonetik yazı qurmaq mümkün deyil. Burada metodoloji yanaşma da çox aydındır: əvvəlcə canlı dil materialı toplanmalı, heca strukturu müəyyənləşdirilməli, sait-samit münasibəti təhlil olunmalı və ahəng qanununun rolu öyrənilməlidir. Onun fikrincə, ərəb və fars mənşəli sözlər türk fonetikasına tabe edilməlidir – bu sözlər artıq “ərəb qaydası ilə” deyil, türk tələffüzünə uyğun yazılmalıdır. Bununla paralel yazı sistemi ləğv olunur, sözlər “milliləşir” və orfoqrafiya sistemli hal alır. Bu yanaşma, eyni zamanda, dilin identikliyini qoruyan mühüm mexanizmdir.

Üç əlifbanın müqayisəsində dil-yazı uyğunluğu meyarı tətbiq edilir: köhnə ərəb əlifbası türk fonetikasına uyğun gəlmir, islah edilmiş ərəb əlifbası yalnız qismən uyğunlaşma yaradır, yeni türk əlifbası (Azərbaycan modeli) isə tam uyğundur. Bu nəticə elmi baxımdan prinsipial əhəmiyyət daşıyır: dil əlifbaya deyil, əlifba dilə uyğunlaşdırılmalıdır. Yeni əlifbanın üstünlükləri yalnız praktiki deyil, həm də sistemli şəkildə əsaslandırılır: böyük hərf sistemi, hərflərin bitişik yazılması, düzgün heca bölgüsü şəffaflığı, tədrisdə vurğu işarələrindən istifadə imkanları və s.

Fonetik orfoqrafiyanın qurulması üçün yeddi şərt irəli sürülür. Beləliklə, müəllif yalnız ideya ilə kifayətlənmədən, praktiki tətbiq mexanizmini də göstərir. O, həmçinin bildirir ki, Avropa mənşəli sözlər də türk fonetikasına tabe edilməlidir – bu isə vahidlik prinsipinin ardıcıl tətbiqi deməkdir. Ümumi türk-tatar orfoqrafik lüğətinin yaradılması ideyası da bu konsepsiyanın mühüm hissəsidir: əvvəlcə regional qrup lüğətləri hazırlanmalı, daha sonra onlar birləşdirilməli, vahid orfoqrafik baza formalaşdırılmalıdır. Müasir anlamda bu yanaşmanı korpus dilçiliyinin ilkin forması kimi qiymətləndirmək olar.

F.Ağazadə fonetik prinsip əsasında qurulan, morfoloji bütövlüyü qoruyan, alınma sözləri dilin daxili sisteminə uyğunlaşdıran və vahid normativ baza yaradan ümumtürk orfoqrafiya modelini təklif edir. Bu model sosial cəhətdən əlçatan, elmi cəhətdən əsaslandırılmış, milli baxımdan inteqrativ və pedaqoji yönümdən funksional xarakter daşıyır.

A.Baytursunov belə bir sualla müraciət edir: orfoqrafiyadan nə tələb olunur? Birincisi, orfoqrafiya dilin səslərini dəqiq və düzgün əks etsin; ikincisi, bu orfoqrafiya öyrənilməsi baxımından asan olsun. Orfoqrafiya yalnız natamam olduqda əlifba ilə bağlı olur. Əsas kimi etimologiyanı, yoxsa fonetik prinsipi götürmək lazımdır? Fikrimcə, ən ideal orfoqrafiya fonetik prinsipdir. Qırğız və qazax dillərində səslərin qanunları çox sərtdir – ən mükəmməl, ən nizamlı dillərdir. Əgər digər türk dilləri də belədirsə, etimoloji prinsipin əsas götürülməsinə heç bir ehtiyac yoxdur. Bəzi türk xalqları hələ də ənənəyə bağlıdır.

Məsələn, azərbaycanlılar və osmanlılar indiyədək tarixi yazı prinsipinə sadiqdirlər. Bu müqəddəs yazı sistemi ilə çoxdan vidalaşmaq lazımdır. Sözləri yalnız xalq danışığında istifadə üçün götürürük, elmi istifadə üçün yox. Məsələn, ажол sözünü qırğızlar öz sözləri sayır, heç vaxt demirlər ki, bu ərəb mənşəlidir. Məsələn, комиссар sözü qazaxlarda комyüsser kimi tələffüz olunur. Biz niyə bu sözü avropalıların tələffüzü kimi saxlamalıyıq? Qazaxların artikulyasiyası bu quruluşu qəbul etmir. Buna görə də bütün xarici sözləri qazaxların tələffüzü üçün uyğun formada götürəcəyik. Digər türk xalqları da sözlərin mənşəyini deyil, xalqın danışığını və artikulyasiyasını nəzərə almalıdır.

(ardı var)

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor





Sosial həyat