Övladımızı elə sahəyə yönəldək ki, gələcəkdə işsiz qalmasın
Bəşəriyyət əmək bazarı tarixində bənzəri görünməmiş keçid mərhələsinə qədəm qoyub. Texnologiyanın inkişafı peşələrə olan tələbləri də davamlı olaraq dəyişir. Son bir əsrdə elmi-texniki yeniləşmə tarixin digər dövrləri ilə müqayisədə görünməmiş sürətlə gedir. Bu isə bir sıra yeni peşələrin yaranmasına, bir çoxunun isə sıradan çıxmasına səbəb olub. Eyni zamanda, bu inqilabi keçid, sadəcə, texnoloji sahə ilə məhdudlaşmır, elmi, sosial, mədəni, ekoloji və iqtisadi sferaları da əhatə edir.
Ənənəvi peşələri sürətlə avtomatlaşdırma və süni intellektlə dəstəklənən yeni sahələr əvəz edir. Əvvəlki sənaye inqilabları fiziki gücü maşınlarla əvəz etdiyi halda, müasir rəqəmsal transformasiya insanın intellektual fəaliyyətini, yaradıcılığını və qərarvermə funksiyalarını ön plana çıxarır.
Mövcud şəraitdə valideynlər üçün peşə seçimi sadəcə bir qərar deyil, övladının sürətlə dəyişən dünyada öz yerini tapması və potensialını reallaşdırması üçün mühüm strategiyadır.
Övladlarımızın gələcəyini planlayarkən onları sadəcə bugünkü populyar və ya yüksək gəlirli peşələrə yönləndirmək kifayət deyil. Çünki rəqəmsal sahədəki dinamik dəyişikliklər bu gün vacib olan meyarların gələcək üçün eyni dərəcədə əhəmiyyətli qalacağını şübhə altına qoyur. Əsas hədəf uşaqların fərdi istedadı ilə gələcəyin tələblərinin kəsişmə nöqtəsini tapmaqdır. Öz təbii potensialını müasir texnologiyalarla sintez etməyi bacaran gənclərin gələcəyin qeyri-müəyyən mühitində lazımlı mütəxəssislərə çevrilmə ehtimalı daha yüksəkdir.
Görünən odur ki, köhnə təhsil sisteminin “bir diplomla ömür boyu karyera” dövrü artıq geridə qalır. İndi ömür boyu fasiləsiz öyrənmə və özünü yeniləmə zamanıdır. Gələcəyin uğurlu insanı təkcə öz işini yox, həm də psixologiyadan proqramlaşdırmaya qədər müxtəlif sahələri bilən geniş dünyagörüşlü şəxs ola bilər.
Dünyada və ölkəmizdə peşələrlə bağlı araşdırma apararkən bir çoxunun texniki peşələr olduğunu görürük. Daim inkişaf edən texnologiya özünəməxsus tendensiya yaradır. Bu da perspektivli peşələrə sahib olmaq üçün ən son rəqəmsal texnologiyanı bilmək və onlardan istifadə etmək bacarığı tələb edir. Hələ bir neçə il əvvəl dünyanın ən zəngin iş adamı, “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts gələcəyin peşələri ilə bağlı danışarkən “yenidən təhsil almaq kimi fürsətim olsaydı, bu üç sahədən birinə üstünlük verərdim” deyərək yaxın gələcəkdə süni intellekt, enerji və biologiya kimi elmi sahələrin inkişaf edəcəyini vurğulamışdır. Onun fikrincə, “dünya süni intellekti yenicə dərk edib. Biz başa düşdük ki, bu texnologiya sayəsində insanların həyatına daha çox məhsuldarlıq və yaradıcılıq gətirə bilərik. İkinci sahə enerjidir. Dünya yeni enerji mənbələri kəşf edir və biz daha təmiz, daha dayanıqlı enerjinin indi dünya üçün əvəzolunmaz olduğunu görürük. Üçüncüsü, insanlara daha uzun və sağlam həyat vəd edən biotexnologiya sahəsidir ki, istər-istəməz gələcəkdə maraq artacaq sahələrdən biridir”.
Müsahibimiz iqtisadçı-ekspert Eldəniz Əmirov texnoloji tərəqqinin əmək bazarındakı sürətini və peşələrin gələcəyini analiz edərək bu prosesdəki fundamental fərqləri izah etdi:
– Bəşəriyyət tarixində peşələrin yaranması və yox olması yeni hadisə deyil. Bu proses 100, hətta 1000 il əvvəl də baş verirdi. Lakin dövrümüzün əsas fərqi peşələrin yoxolma sürətidir. Əvvəllər bir peşənin sıradan çıxması üçün bir əsr lazım idisə, bu gün həmin müddət 10 ilə qədər qısalıb. Yəni əsas məsələ peşələrin davamlılıq müddətinin kəskin şəkildə azalmasıdır. Bu mənada biz bir növ zamanla yarışırıq.
Fiziki gücə və əl əməyinə əsaslanan bir çox köhnə sahələrin sıradan çıxacağı birmənalıdır. Gələcəyin perspektivli sahələrini və süni intellektlə sintez olunmuş yeni peşə istiqamətlərini proqnozlaşdıran yeni iqtisadi model formalaşır ki, burada insan amili və maşın öyrənməsi ayrılmaz vəhdət təşkil edir. Mən hər hansı peşəni tamamilə perspektivsiz adlandırıb, həmin sahədə oxuyan gəncləri demotivasiya etmək istəməzdim. Hüquq, iqtisadiyyat, texnologiya və tibbin ayrı-ayrı istiqamətləri hər zaman ən yüksək səviyyədə qalacaq. Sadəcə, bu sahələr zaman keçdikcə şaxələnəcək və onlarla alt peşəyə bölünəcək. Gələcəyin ən güclü mütəxəssisi isə məhz süni intellektlə işləmək bacarığını öz peşəsi ilə birləşdirə bilən şəxs olacaqdır.
Ekspert bəzi tanınmış simaların radikal proqnozlarına münasibət bildirərək insan amilinin, xüsusilə tibb sahəsində əvəzedilməz mövqeyinə də toxundu:
– Məsələn, İlon Mask deyirdi ki, uşaqlarınızı həkim peşəsinə istiqamətləndirməyin, çünki süni intellekt və robotlar bu peşəni əvəz edəcək. Lakin bu, Maskın öz ambisiyalarını reallaşdırmaq üçün ortaya atdığı populist iddiadan başqa bir şey deyildi. Həkim peşəsinin yoxa çıxması heç vaxt mümkün deyil. Çünki süni intellekti də, robotu da mütləq şəkildə idarə edən və təkmilləşdirən insan lazımdır. İnsan orqanizmi o qədər mürəkkəbdir ki, süni intellekt həkim olmadan xəstəyə müdaxilə edə bilməz. Burada söhbət insanın əhvali-ruhiyyəsi, ağrıları, hissiyyatı və digər bu kimi məsələlərdən gedir.
Təhsil eksperti Şəmsi Qocayev XXI əsrdə əmək bazarındakı transformasiyanı və süni intellekt texnologiyalarının rolunu təhlil edərək bu sahədəki perspektivlərdən danışdı:
– Hər dövrün öz prestijli sahələri olduğu kimi, XXI əsr də süni intellekt və kompüter texnologiyaları dövrüdür. Hazırda bu texnologiyalarla işləyən mütəxəssislərə tələbat hər zamankından daha yüksəkdir. Bu tendensiya artan xətt üzrə davam edəcək. Bir çox ölkələrdə texnoloji tərəqqi nəticəsində insan əməyinin maşınlarla əvəz olunması artıq reallığa çevrilib. Lakin burada bəzi xidmət sahələri istisnadır. Xüsusilə avtomobil sənayesi və buna bənzər texniki xidmət sektorları hər zaman öz aktuallığını qoruyacaq. Bu kimi sahələrə həmişə ehtiyac olacaq.
Elmi müstəvidə süni intellekt texnologiyaları üzrə ixtisaslaşan mütəxəssislərin həm sayı sürətlə artacaq, həm də onların apardığı tədqiqatların qlobal əhəmiyyəti yeni mərhələyə qədəm qoyacaq.
Ekspert yeni nəslin texnoloji mühitə təbii uyğunlaşma qabiliyyətindən söz açaraq bu prosesin onların gələcək karyerasında həlledici rol oynadığını söylədi:
– Müasir gəncliyə gəldikdə isə, onlar artıq bu rəqəmsal mühitdə doğulublar. Texnologiya dövründə böyüyən nəsil, 30-40 il əvvəlki nəsillərdən köklü şəkildə fərqlənir. Kompüter texnologiyaları onların həyatına o qədər sirayət edib ki, artıq gənclərin qavrayış tərzi və adaptasiya sürəti tamamilə təbii xarakter daşıyır. Onlar öz zəmanələrinin insanı kimi yetişirlər. Bu sahədə irəliləyən və özünü inkişaf etdirən şəxslər üçün gələcəkdə perspektivlər hədsiz dərəcədə genişdir.
İnsan resursları üzrə ekspert İlkin Məcidov əmək bazarındakı yeni reallıqları və valideynlərin bu prosesdəki rolunu təhlil edərək gələcəyin mütəxəssis modelini belə xarakterizə etdi:
– Həqiqətən də, texnologiyanın sürətli inkişafı fonunda əmək bazarı ciddi şəkildə transformasiya olunur. Avtomatlaşdırma, süni intellekt və rəqəmsallaşma nəticəsində bəzi ənənəvi peşələr əvvəlki əhəmiyyətini itirir, eyni zamanda, yeni ixtisaslar və bacarıqlar ön plana çıxır. Bu qeyri-müəyyənlik övladlarının iş həyatında çətinlik çəkməsindən qayğılanan valideynlərin düzgün strateji sahə seçmək məsuliyyətini və təşvişini daha da artırır. Mövcud reallıq göstərir ki, artıq təkcə “diplomlu olmaq” kifayət etmir. Əsas məsələ çevik düşünmək, öyrənməyi bacarmaq və dəyişən şərtlərə uyğunlaşmaqdır.
Gələcəyin perspektivli sahələrini sadalayan ekspert peşə seçimində fərdi maraqların həlledici rol oynadığını xüsusi vurğuladı:
– Gələcəyin əmək bazarında İT, data analitikası, süni intellekt, kibertəhlükəsizlik, mühəndislik və bərpaolunan enerji kimi texnoloji sahələrlə yanaşı, təhsil, səhiyyə, psixologiya və yaradıcılıqla əlaqəli peşələrə də tələbat artacaq. Lakin övladınızı yalnız “trend olan” sahəyə deyil, onun maraq və bacarıqlarına uyğun istiqamətə yönəltmək daha doğrudur. Sevdiyi işlə məşğul olan gənc həm sürətlə inkişaf edir, həm də özünü təkmilləşdirməyə motivasiyalı olur ki, bu da gələcəkdə işsizlik riskini minimuma endirir.
İlkin Məcidov valideynlərə övladlarının inkişafı üçün konkret istiqamətlər təklif edərək bu prosesdəki düzgün yanaşma metodlarından danışdı:
– Valideynlərə tövsiyəm odur ki, övladlarında erkən yaşlardan analitik düşünmə, problem həlletmə, ünsiyyət, rəqəmsal savadlılıq və xarici dil bacarıqlarının formalaşmasına dəstək olsunlar. Çünki gələcəyin peşələri konkret bir ixtisasdan daha çox məhz bu universal bacarıqlar üzərində qurulacaq. Nəticə olaraq demək olar ki, gələcək “bir peşə – bir ömür” deyil, “ömür boyu öyrənmə” dövrüdür. Biz övladlarımızı idarə etməyə çalışmaqdansa, onların inkişafı üçün şərait yaratmalıyıq. Yalnız fərdi potensialını süni intellekt və digər texnoloji imkanlarla birləşdirə bilən gənclər gələcəyin rəqabətli mühitində uğurlu mütəxəssis kimi fəaliyyət göstərə biləcəklər.
Mütəxəssislərin də fikirlərindən belə qənaətə gəlmək olur ki, gələcəyin əmək bazarı bizdən sadəcə ixtisas sahibi olmağı deyil, həm də dəyişikliklərin mərkəzində dayanan “çevik insan” olmağı tələb edir. Lakin texnologiya nə qədər sürətlə inkişaf etsə də, insan amili, empatiya və yaradıcı təfəkkür əvəzolunmazlığını və unikallığını qoruyur. Valideynlərin üzərinə düşən ən böyük vəzifə isə övladlarını bədbin proqnozlarla ruhdan salmaq deyil, onları yeni dünya nizamına adaptasiya etməkdir. Unutmamalıyıq ki, gələcəyin uğurlu şəxsiyyəti süni intellektlə rəqabət aparan yox, onun imkanlarından istifadə edərək bəşəriyyətə fayda verə biləcək mütəxəssis olmalıdır. Övladlarımıza ötürə biləcəyimiz ən dəyərli miras isə diplom deyil, davamlı öyrənmə vərdişi və dəyişən şəraitə uyğunlaşmaq bacarığıdır.
Elenora HƏSƏNOVA
XQ




