Xocalının bu gözəl kəndinə həyat yenidən qayıdır
Bu dəfə yolumuz Xocalı rayonunun Seyidbəyli kəndinədir. Xankəndidən üzüyuxarı Qırxqız dağının ətəklərində yerləşən bu kəndə həyəcansız, duyğusuz getmək mümkün deyil. Yolboyu təbiətin gözəllikləri göz oxşayır, insanın ruhu dincəlir. Sanki, Tanrı bu yerləri xüsusi sevgilə yaradıb, dağına-dərəsinə, meşələrinə, çəmənlərinə əsrarəngiz özünəməxsusluq bəxş edib. Ətrafda görünən hər şeyi göz yaddaşına köçürüb saxlamaq istəyirsən.
Azadlığına qovuşmuş bölgənin yollarının səni həyatın yenidən qayıtdığı azad ata-baba yurdlarımıza aparması heç vaxt adiləşməyəcək xoşbəxtlik duyğusu, qürur və həyəcan doğurur. Bu, həsrətin və acıların bitdiyi, bir vaxtların ən böyük arzularının, xəyalların gerçəkləşdiyi reallığının bəxş etdiyi xoş hisslərdir.
Ad tarixin möhürüdür
Seyidbəyli kəndinin adı ilk dəfə XIX əsrin əvvəllərində dəyişdirilib. Başqa ölkələrdən Qarabağa köçürülən erməni ailələrinin bir qismi Seyidbəylidə məskunlaşdırıldıqdan sonra kənd Seyidişen adlandırılıb. Maraqlıdır ki, həmin vaxt ermənilər bu yerin əzəli adını özününküləşdirmək istəsələr də, adın əvvəlindəki “seyid” hissəsini dəyişə bilməyiblər. Çünki ermənilərdə seyid olmur. 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi kəndin keşmiş adını bərpa edib. Ancaq elə həmin vaxtlarda erməni separatçılarının işğal etdikləri Seyidbəylini bu dəfə də Qarabağdakı xunta rejimi “Xaçın” adlandırıb.
Rəşadətli ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabrında Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatında qazandığı şanlı qələbələr sayəsində torpaqlarımızı işğaldan tam və həmişəlik azad etməsindən sonra Seyidbəylinin tarixi adı da geri qayıdıb. Tarixi ədalətin bərpa olunması ilə ermənilərin Seyidbəyliyə qoyduqları eybəcər adlar da çoxdan cəhənnəmə gedib.
Qayıdış xoşbəxtliyi bir ömrə bərabərdir
Seyidbəyli kəndi ilk köç həyəcanını 2025-ci il sentyabrın 13-də yaşayıb. Həmin gün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ilkin mərhələdə 30 nəfərdən ibarət 9 ailə öz ata-baba yurduna dönüb. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışının davam etməsi nəticəsində bu gün kənddə yaşayanların sayı artıb, əməlli-başlı canlanma hiss olunur.
Burada dövlət tərəfindən sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb, sosial infrastruktur yenidən qurulub. Belə ki, 30 kilometr uzunluğunda elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılıb, sayğaclaşdırma işləri mərhələi şəkildə davam etdirilir.
Yaşayış məntəqəsinə magistral qaz xətləri çəkilib, mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Sakinlər daimi yüksəksürətli internetlə təmin olunublar. Kəndin başında, mənzərəli bir yerdə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Dağların qoynunda yerləşdiyindən qış Seyidbəylidə sərt üzünü daha çox göstərir. Odur ki, ilin bu vaxtı həyət-bacada iş görmək mümkün olmasa da, insanlar yenidən doğma yurdda yaşamağın bəxş etdiyi qürurla, sevinclə xoş gələcəyin planlarını qurur, xoşbəxt sabaha hazırlaşırlar.
Seyidbəyliyə səfərimiz zamanı sakinlərlə də görüşdük. Qonağı olduğumuz Ələkbərovlar ailəsini indi ölkəmizdə çox insan tanıyır. Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2025-ci il sentyabrın 15-də məhz Rasim Ələkbərovun və ailəsinin yaşadığı bu evə baş çəkib, sevinclərinə sevinc qatıb.
Söhbətimizə də elə bu mövzu ilə başladıq. Rasim dedi ki, dövlət başçısı ilə görüş onların həyatında ən unudulmaz xatirəyə çevrilib:
– Təsəvvür edə bilməzsiniz ki, möhtərəm Prezidentimiz həm “Dəmir yumruğ”u sayəsində torpaqlarımızı azad etməsi, həm bizi doğma Qarabağımıza qaytarması, həm də evimizə baş çəkməsi ilə bizə necə böyük xoşbəxtlik bəxş edib. Əvvəl çox həyəcanlı idik. Ancaq ölkə rəhbərinin səmimiyyəti, sadəliyi sayəsində görüşün elə ilk anından həyəcanımız yoxa çıxdı. Evimizlə tanış oldu, şəraitimizlə maraqlandı. Pəncərədən baxaraq dedi ki, evinizdən nə gözəl mənzərə görünür. Bütün bunlar unudulmaz anlardır bizim üçün!
Biz də Ələkbərovlar ailəsinin yaşadığı evin pəncərəsindən qarşımızda açılan gözəlliyə baxmaq imkanını qaçırmadıq. Əmin olduq ki, qarşıdakı mənzərənin əsrarəngizliyini sözlə ifadə etmək elə də asan deyil...
Batmış bulaqlar yenidən qaynayır
Söhbət əsnasında öyrəndik ki, Rasim Ələkbərov Birinci Qarabağ müharibəsinin iştirakçısı və qazisidir. Məcburi köçkün düşdükdən sonra torpaqlarımızın işğalı ilə barışmayaraq könüllü şəkildə cəbhəyə yollanıb, 4 il 7 ay müxtəlif bölgələrdə döyüşlərdə iştirak edib. Tovuz rayonunun Ağdam kəndi istiqamətində mühasirəyə düşərək ağır yaralanıb. Ancaq, necə deyərlər, qisası qiyamətə qalmayıb, onun yarımçıq arzularını oğlu Pərvin reallaşdırıb. 44 günlük müharibədən qalib əsgər kimi, 5 medalla dönən Pərvinlə indi həm atası, həm də anası Tahirə xanım fəxr edir. Pərvinin özünün isə fəxr etdiyi, sevincinə sevinc qatan dünyaya yeni gəlmiş, Seyidbəylinin ilk körpəsi olan qızı Mirayın azad və suveren Azərbaycanın qayğısız vətəndaşı kimi böyüyəcəyidir.
Ailə üzvləri bildirdilər ki, Seyidbəyliyə köçdükdən sonra onlar üçün yeni bir həyat başlayıb. Rasim kənddə market açıb, orada işləyir, dövlət özünüməşğulluq proqramı çərçivəsində ailəyə 21 baş qoyun verib, qapılarında da xeyli toyuq-cücələri var. Yəni dolanışıqları yaxşıdır. Ancaq dolanışıqdan da, maddi imkandan da vacib olan doğma torpaqlara qayıtmaq, bu yerlərin havasını udmaq, suyunu içmək, yenidən burada yaşamaqdır.
R.Ələkbərov onların qayıdışına sanki təbiətin də sevindiyini dedi:
– Biz bura təzə gələndə məlum oldu ki, bulaqların çoxu quruyub. Ancaq qısa vaxtda 7 bulağın gözü açıldı, yenidən axmağa başladı. Elə bil bizim gəlişimizi gözləyirmiş. Seyidbəylidə təsərrüfatla məşğul olmaq üçün yaxşı imkanlar mövcuddur. Geniş otlaqlar var. Ən əsası isə havası, suyu şəfalıdır. Biz məcburi köçkün kimi Bərdədə yaşayanda hər gün ən azı bir dəfə təzyiq dərmanı atırdım. Bura gələndən isə dərmanın özünü atmışam bir kənara, elə bil təzədən anadan olmuşam. İndi siz deyin, bu yerləri sevməmək, burada yaşamaqdan xoşbəxt olmamaq necə mümkün ola bilər?
Ata evinin şirinliyi
Ələkbərovlar ailəsinə yeni evlərində xoş, toylu-büsatlı günlər arzulayıb başqa bir ünvana üz tutduq. Nailə Şirinova Seyidbəylidəki işğaldan əvvəl yaşadığı evinə sonuncu, yanvarın 26-da baş verən köç zamanı gəldiyindən içəridə əməlli-başlı qələbəlik vardı. Qardaşı Vaqif, bacısı Əfruz, ailənin gəlinləri Nailə xanıma evinə yığışmaqda, əşyaları yerləşdirməkdə kömək etmək üçün gəlmişdilər. “Xeyirli olsun”umuzla işlərinə fasilə verdilər, söhbətə başladıq. Ancaq söhbətimizin bu qədər təsirli, bir az da kövrək notlarla keçəcəyini gözləmirdim. Məsələ burasındadır ki, doğma yurd-yuvalarına qayıdan insanların böyük əksəriyyətinin evləri də arzuları kimi darmadağın olub, erməni vandalizminin qurbanına çevrilib.
Öz əvvəlki evinə qayıda bilənləri isə baxdıqları hər yerdə o evlərdə qoyub getdikləri acılı-şirinli xatirələri qarşılayır, keçmiş günlər göz önündə canlanır. Və bir də itirdikləri, Vətən həsrəti ilə dünyasını dəyişmiş əzizlər, doğmalar yada düşür. Bu mənada öz evinə qayıtmış Nailə xanımın tez-tez qəhərlənməsi, göz yaşlarına hakim ola bilməməsi söhbətimizin də ovqatına təsirsiz ötüşmədi...
Qarabağda erməni separatizminin baş qaldırmasından dərhal sonra, 1989-cu ildə ev-eşiyindən didərgin düşməyə məcbur qaldığını deyən Nailə xanım bildirdi ki, həmin vaxt Seyidbəylidən Xocalıya pənah aparıblar. Ancaq orada başlarına daha böyük müsibətlər gəlib:
– Hadisələr qızışanda gödük ki, kənddə qalmaq mümkün deyil. Ermənilər bizə hər cür təzyiq göstərir, ölümlə hədələyirdilər. Məcbur evimizi tərk edib Xocalıya getdik. Xocalıda qanlı soyqırımı törədilən gecə atam Novruz Zamanov dinc əhalinin çıxarılmasına kömək edərkən şəhid oldu, anam Fatma girov düşdü. Anamı sonradan azad etmək mümkün oldu, ancaq elə o vaxtdan xəstədir. Xocalı faciəsindən sonra qaçıb Ağdama sığınmışdıq, oradan da məcburi köçkün düşdük. Nə deyim, yaşadığımız müsibətlər sözlə ifadə ediləcək deyil. İndi yenidən öz evimə qayıtmışam. Bir gözüm gülür, bir gözüm ağlayır. Yenə də qayıdışımıza şükür, doğma torpağımıza şükür! Bizə bu günləri bəxş edən möhtərəm Prezidentimizi Allah pənahında saxlasın! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Nailə Şirinovanı işğaldan azad olunduqdan sonra Seyidbəyliyə ilk dəfə qardaşı Vaqif gətirib. Ancaq gəlib evlərini görəndə həm sevincdən, həm də həyəcandan necə sarsılıbsa, bir müddət müalicə almalı olub. Bildirdi ki, bu yerlərin hər qarışı mənim üçün çox əzizdir. Əsas da vaxtilə atamızın təsərrüfatla məşğul olduğu, kənddən bir az aralıdakı ferma yeri. Elə indicə qardaşımla, bacımla birlikdə həmin yeri ziyarət etməkdən gəlmişik. O, bundan sonra öz evində həyatı yenidən yaşamağa başlayacaq.
Bəs, görəsən, evi uzun ayrılıqdan sonra əsl sahibini necə qarşılayıb? Sualımıza Nailə xanım yenə kövrələrək cavab verdi:
– Doğmalıqla qarşıladı. Elə bil, öz balandan ayrı düşürsən, 37 il sonra yenidən ona qovuşursan. Mənim burada gözəl günlərim keçib, bu evdən məktəbə getmişəm. Mənfur düşmən evimizdə xeyli dəyişikliklər edib. Ancaq həyətimə düşəndə elə bil həmin o köhnə günlərə qayıdıram.
Söhbətimizə Vaqif Zamanov da qoşuldu:
– Mən də tezliklə öz ata evimə qayıdacam. Ata evinin şirinliyini heç nə əvəz edə bilməz. İnanın ki, indi buralara gələndə geri dönmək istəmirəm. Sanki şirin yuxudayıq. Allah Müzəffər Ali Baş Komandanımızı qorusun! Onun sayəsində xalqımız elə birlik nümayiş etdirdi ki, tarixdə olmayıb. Bu birliyimizin hesabına düşmən üzərində layiqli Qələbə qazandıq, Azərbaycan torpaqlarını geri aldı. Baxın görün heç dünyanın başqa bir yerində belə şey varmı? Allah xalqımıza bir daha müharibə, acı günlər yaşatmasın!
Qayıdışın, dirçəlişin yeni ünvanlarından olan Seyidbəylidən biz də V.Zamanovun arzularına qoşularaq ayrıldıq. Həm də o arzularla, o ümidlərlə ki, bu qədim yurdumuz gündən-günə daha gözəl yaşayış məskəninə çevriləcək. Əsl sahibləri geri qayıtdıqca Seyidbəyli də yenidən xoş çağlarına geri dönəcək, inkişaf edəcək, xoş soraqlarını eşidəcəyik.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri


